SABAH qruplarına qəbulla bağlı infosessiya keçirilib
Mayın 23-də Azərbaycan İdman Akademiyasında 2024/2025-ci tədris ili üzrə SABAH qruplarının bakalavr səviyyəsində tələbə qəbulu ilə bağlı infosessiya təşkil edilib. Tədbirdə Akademiyanın Elmi işlər, beynəlxalq əlaqələr və keyfiyyət siyasəti üzrə prorektoru Ülkər Babayeva, Azərbaycan Respublikası Təhsil Nazirliyinin SABAH qruplarının İcra Komitəsinin rəhbəri Elza Səmədova, Komitənin üzvləri, Akademiyanın SABAH Mərkəzinin rəhbəri Lalə Əhmədova və “Məşqçilik”, “İdman menecmenti və kommunikasiya”, “Bədən tərbiyəsi və idmanda reabilitasiya” ixtisaslarının I kurs tələbələri iştirak ediblər.
Ülkər Babayeva çıxışında SABAH qruplarının əhəmiyyətindən danışaraq vurğulayıb ki, bu qruplar təhsildə keyfiyyətin artırılması, tələbələrin bilik və bacarıqlarının inkişaf etdirilməsi və gələcək karyeralarında uğur qazanmaları üçün mühüm rol oynayır. O, həmçinin bildirib ki, Azərbaycan İdman Akademiyası SABAH qruplarının fəaliyyətini dəstəkləyir və onların uğurlu gələcəyi üçün hər cür şərait yaradır. Prorektor tələbələri aktiv olmağa, təhsil prosesində fəal iştirak etməyə və yaradılan imkanlardan maksimum yararlanmağa çağırıb.