Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Professor Dilqəm Quliyevin yeni kitabı təqdim olunub

21 may 2024-cü il tarixində Azərbaycan İdman Akademiyasında pedaqogika üzrə elmlər doktoru, professor, beşnövçülük və sərbəst güləş üzrə SSRİ idman ustası, Azərbaycan Respublikasının əməkdar məşqçisi Dilqəm Quliyevin "Qarabağın idman tarixi" kitabının təqdimat mərasimi keçirilib.

Akademiyanın professor-müəllim heyəti, inzibati işçiləri və tələbələrinin, eləcə də bir çox tanınmış idman ustaları və ziyalıların iştirak etdiyi tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca torpaqların azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev artıq keçmişdə qalan Qarabağ münaqişəsinin yaranması tarixinə ekskurs edərək, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuzun qəhrəmanlığı nəticəsində əldə olunmuş qələbənin xalqımızın çoxəsrlik tarixinin ən böyük hadisəsi olduğunu diqqətə çatdırıb. Rektor bildirib ki, qələbə dolu tarix yazan gənclərin yetişməsi üçün tarix kitablarının yazılması önəmli şərtdir. Bu baxımdan professor Dilqəm Quliyevə müəllifi olduğu “Qarabağın idman tarixi” adlı dəyərli kitaba görə təşəkkür edən Fuad Hacıyev belə  nəşrlər üçün Akademiyanın hər zaman dəstək verməyə hazır olduğunu vurğulayıb.

Tədbir zamanı "Azərbaycan Vətən müharibəsi veteranları" İctimai Birliyinin sədr müavini Altay Babaşov, şair, publisist Tapdıq Əlibəyli, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının prezidenti Eldar İsmayılov, Türk Ağsaqqalları Birliyinin sədr müavini Eyvaz Hümbətov, Azərbaycan Güləş Federasiyasının yunan-Roma güləşi üzrə vitse-prezidenti Elçin Cəfərov çıxış edərək kitab haqqında fikirlərini bölüşüb.

Sonda müəllif Dilqəm Quliyev kitabın ərsəyə gəlməsindən bəhs edərək tədbirin təşkili üçün Akademiya rəhbərliyinə və gələn qonaqlara öz təşəkkürünü bildirib.

Xəbərlər