Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Doktorantura və dissertantura təhsili almaq istəyənlərin nəzirinə!

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası Nazirlər Kabinetinin Sərəncamı ilə təsdiq olunmuş plana əsasən, 2024/2025-ci tədris ili üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul elan edir.

Doktorantura və dissertanturaya sənəd qəbulu 16.04.2024-cü ildən başlayaraq 15.05.2024-cü ilə qədər davam edəcək.

Qeydiyyat prosesi vətəndaş tərəfindən portal.edu.az internet saytında aparılacaq.

Portalda qeydiyyatdan keçməyən və imtahana buraxılış statusu almayanların adı xarici dil imtahanında iştirak üçün DİM-ə göndərilməyəcək.
Doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən yaxud təhsili ona bərabər tutulan) Azərbaycan Respublikası vətəndaşları qəbul olunurlar. “Elmlər doktoru” elmi dərəcəsi almaq üçün “Fəlsəfə doktoru” (elmlər namizədi) elmi dərəcəsi olan və əsas iş yeri ali təhsil müəssisəsi sayılan, müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri, 2 il elmi-pedaqoji iş stajı və minimum 1 beynəlxalq nüfuzlu jurnalda məqalə dərc etdirən namizədlərə üstünlük verilir. Fəlsəfə və elmlər doktorluğu üzrə doktorantura və dissertanturaya qəbul 3 ixtisas üzrə aparılacaq:

- 3245.01 - Bərpa təbabəti, idman təbabəti, müalicəvi bədən tərbiyəsi, kurortologiya və fizioterapiya
- 5806.01 - Fiziki tərbiyənin, idman təliminin nəzəriyyəsi və metodikası
- 5312.01 - Sahə iqtisadiyyatı


1.    Doktorantura və ya dissertanturaya müraciət haqqında ərizə universitet rektorunun adına yazılır. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:
•    kadrların şəxsi qeydiyyat vərəqi;
•    tərcümeyi-hal;
•    2 ədəd fotoşəkil (3x4 ölçüdə);
•    iş yerindən xasiyyətnamə;
•    iş stajı olanlar əmək kitabçasından çıxarış;
•    çap olunmuş elmi əsərlərin siyahısı (surətləri əlavə edilməklə) və ya seçilmiş ixtisas üzrə 20-25 səhifəlik referat;
•    ali təhsil haqqında diplomların (diplomun) və qiymət cədvəllərinin surətlərinin notarial qaydada təsdiqi (xarici ölkələrdə təhsil almış vətəndaşlar üçün təhsil haqqında sənədin tanınması haqqında Təhsil Nazirliyinin şəhadətnaməsi);
•    şəxsiyyəti təsdiq edən sənədin surəti;
•    fəlsəfə doktoru (elmlər namizədi) diplomunun surətinin notarial qaydada təsdiqi (elmlər doktoru proqramı üzrə sənəd verənlər üçün).

2.    Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq istəyənlər ixtisas fənnindən, xarici dildən və fəlsəfədən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər. Xarici dil üzrə imtahan Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra – DİM) tərəfindən keçirilir. Xarici dil üzrə imtahan məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı DİM tərəfindən müəyyənləşdirilir.

3.    Hər imtahan başa çatdıqdan sonra onun nəticəsi elan olunur. Birinci imtahandan kafi qiymət alan şəxslər növbəti imtahanlara buraxılır.

 

Doktorantura və dissertanturaya sənəd qəbulu ilə bağlı hər hansı bir sualınız yaranarsa, Akademiyanın Doktorantura şöbəsinə (4-cü mərtəbə 433-cü otaq) və doctorate@sport.edu.az elektron poçtuna müraciət edə bilərsiniz.

Xəbərlər