Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Beynəlxalq Aykido Federasiyasının sədri ASAPES-də olub

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ASAPES) Beynəlxalq Aykido Federasiyasının (BAF) sədri, məşhur aykido ustası Cerard Vilko Vriesman (Gerard Wilko Vriesman), Azərbaycan Aykikay Aykido Klubları İctimai Birliyinin sədri İlham Quliyev, İDDO Proqramının Baş Psixoloqu Rövşən Nəzərli, İDDO PSP direktor yardımçısı Gültəkin Qocayeva ASAPES-in İdman işləri üzrə prorektoru Fərid Mansurov və akademik heyəti ilə görüşüb.

Görüşdə BAF-ın ASAPES və Azərbaycan Aykikay Aykido İctimai Birliyi ilə əməkdaşlıq perspektivləri müzakirə olunub. Akademiyanın prorektoru Fərid Mansurov qonaqlara ASAPES-in hazırkı və gələcək fəaliyyət planları haqqında məlumat verib.

Görüş zamanı İDDO Psixi Sağlamlıq Proqramı çərçivəsində peşəkar mütəxəssislərin hazırlanması, beynəlxalq əlaqələrin genişləndirilməsi, xüsusi təhsil proqramının qurulması, Autizm Spektr pozuntulu uşaqların sağalmasında bədən psixologiyasının inkişafının təmin olunması, ölkələrarası praktik təcrübənin bölüşdürülməsi məsələləri müzakirə edilib.

Akademiyanın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəmilə İsmayılzadə akademiyada son illər aparılan təhsil islahatları, xarici universitetlərlə olan əməkdaşlıqlar və ASAPES-də fəaliyyət göstərən peşəkar, əcnəbi mütəxəssislər barədə danışıb.

BAF-ın sədri 7-ci dan sahibi Vilko Vriesman Azərbaycana səfərinin məqsədləri barədə danışaraq ölkəmizdə bu idman növünün inkişafına töhfə vermək istədiyini və bunun üçün lazımi tədbirlər görüləcəyini bildirib.

Xəbərlər