Akademiyanın tələbələri təcrübə keçmək üçün Bolqarıstana səfər edib
Mayın 19-da Azərbaycan İdman Akademiyasının “Məşqçilik” ixtisası üzrə təhsil alan tələbələri Gimnastikanın nəzəriyyəsi və metodikası kafedrasının müdiri Giurka Gantcheva, Pedaqoji və istehsalat təcrübəsi şöbəsinin müdiri Günay Fərzəliyeva-Qulusoyun rəhbərliyi ilə Bolqarıstanda keçiriləcək təcrübə proqramında iştirak etmək üçün Sofiya şəhərinə yollanıb.
Təcrübə proqramı Akademiya ilə Bolqarıstan Respublikasının “Vassil Levski” adına Milli İdman Akademiyası (MİA) arasında imzalanmış memoranduma əsasən təşkil olunur. Əldə olunan razılığa görə, “Məşqçilik” ixtisasının sərbəst güləş (8 nəfər), yunan-Roma güləşi (3 nəfər) və ağırlıqqaldırma (1 nəfər) idman növləri üzrə təhsil alan ümumilikdə 12 nəfər IV kurs tələbəsinin Bolqarıstanın Sofiya şəhərində 2 həftəlik istehsalat təcrübəsi keçməsi planlaşdırılıb.
Təcrübə səfəri zamanı tələbələrin iki həftə ərzində idman növlərinə uyğun olaraq öz sahələrində uğur qazanmış məşqçilərlə təlim keçmələri planlaşdırılıb. Proqramın sonunda tələbələr 3 AKTS qazanacaq və sertifikatla təltif olunacaqlar.
Proqramın ilk günü (20 may) Akademiyanın nümayəndələri və tələbələri ilə MİA-nın rektoru professor Krasimir Petkov və Tədris işləri üzrə prorektoru dosent Hristo Andonov görüş keçirib. Görüş zamanı rektor tələbələrlə tanış olub, onlara uğurlar arzulayıb.