Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

İdman yarışlarının qalibi olan ASAPES tələbələri təltif edilib

SABAH qrupları layihəsi çərçivəsində keçirilən, Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə və 28 May Müstəqillik Gününə həsr olunan idman yarışlarının bağlanış və mükafatlandırma mərasimi baş tutub.

Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov idman yarışlarının əhəmiyyətindən bəhs edib. Tələbələrin idmanla məşğul olmasının vacibliyini vurğulayan nazir müavini sağlam gəncliyin formalaşması üçün atılan addımları Heydər Əliyevin qabaqcıl və uzaqgörən siyasəti nəticəsində ərsəyə gələn idman sahəsindəki uğurlarla əlaqələndirib.

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan, beynəlxalq və respublika dərəcəli hakimlər tərəfindən idarə olunan idman yarışlarında şahmat üzrə 82, dama üzrə 63, atıcılıq yarışlarında isə 19 komanda olmaqla 75 tələbə iştirak edib. 28 May Müstəqillik gününə həsr olunan idman yarışlarında isə futzal üzrə 11, voleybol üzrə qızlar arasında 8, oğlanlar arasında baş tutan oyunlarda 6, basketbol oyunlarında isə 5 komanda iştirak edib.

ASAPES SABAH qrupları tələbələri İlham Alıyev, Xalid Cəlilzadə, Mirilyas Əsgərov, Hüseynağa Həsənli, Mübariz Hüseynzadə, Ömər İsmayılov, Tural İsmayılov, Ülvi Məlikzadə, Tural Qurbanov və Vüsal Şahverdiyev futzal yarışında “Iconics” komandasının heyətində I yerə layiq görülüblər.

Bundan başqa, atıcılıq yarışlarında Bilal Əsgərzadə, Nərmin Hüseynzadə, Ləman Sultanlı və Asiman Ələkbərov bütün rəqiblərini geridə qoyaraq çempion olublar.

Şahmat və dama yarışlarında qızlar arasında ASAPES SABAH qrupu tələbəsi Səbinə Rzalı, oğlanlar arasında ən sərrast atıcı nominasiyası üzrə isə ASAPES SABAH qrupu tələbəsi Bilal Əsgərzadə təltif edilib.

Fərqlənən tələbələrimizi elm və təhsil nazirinin müavini Firudin Qurbanov və SABAH İcraiyyə Komitəsinin rəhbəri Eldar Qocayev mükafatlandıraraq onlara gələcək yarışlarda və təhsil həyatlarında uğurlar arzulayıblar.

#ASAPES #İdmanAkademiyası #ASAPESABAH

Xəbərlər