Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Süleyman Bağır oğlu Məmmədli

Süleyman Bağır oğlu Məmmədli

Azərbaycan idman ictimaiyyətinə ağır itki üz verib. Azərbaycan Hapkido Federasiyasının prezidenti, tanınmış idman mütəxəssisi, Süleyman Məmmədli sentyabrın 22-də, ömrünün 73-cü ilində vəfat edib.

Süleyman Bağır oğlu Məmmədli 28 avqust 1948-ci ildə Tovuz rayonunda anadan olub. O, orta təhsilini Tovuzda, ali təhsilini isə Rusiyada alıb. Daha sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib.

1969-cu ildə ilk dəfə karate idman növüylə tanış olduqdan sonra Şərq döyüş növləriylə məşğul olmağa başlayıb.

1990-cı illərdən başlayaraq taekvondoyla məşğul olmağa başlayıb. Müxtəlif beynəlxalq seminarlarda iştirak edib.

Bir çox döyüş növlərini Azərbaycana məhz o gətirib. Belə ki, Azərbaycanda taekvondonun, hapkidonun, uşunun, kikboksinqin, subakso tanqsudonun, çun kundonun, Tae Kuk Mu Sul-un, Cit Kun Do-nun, Donq Ku Yudo Kvan-ın və s. yaradıcısı olub. Chun Kuhn Do, Turan Do, Combat Mixed MA, Combat Chinese, Musul Taekwon Do, Combat Korea MA, Jeet Kune Do döyüş sənəti üzrə qrand-master olub. Tae Kuk Mu Sul, Universal Combat MA və Turan Do üzrə 10-cu dan qara kəmər ustası olub.

Süleyman Məmmədli vəfat edənədək Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “İdmanın təkmübarizlik növləri” kafedrasında dosent vəzifəsində çalışıb.

Süleyman Məmmədli əziz xatirəsi onu tanıyanların və idman ictimaiyyətinin qəlbində daim yaşayacaq.

Allah rəhmət eləsin!

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Xəbərlər