Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

HAQQIMIZDA

Zaqafqaziyada ali bədən tərbiyəsi kadrları hazırlayan ilk tədris ocağı olan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası 1936-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutu kimi yenidən qurulduqdan sonra onun nəzdində kitabxana fəaliyyətə başlamışdır.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Elmi innovasiyalar mərkəzinin nəzdində fəaliyyət göstərən Kitab fondu və Elektron kitabxana tədris, elmi-tədqiqat fəaliyyətinə informasiya dəstəyi göstərən mədəni-mənəvi ünsiyyət mərkəzidir. Elmi innovasiyalar mərkəzi Azərbaycan Respublikasının müvafiq sahəyə aid qanunvericilik normalarına uyğun hüquqi normativ aktlara, ali təhsil idarə orqanlarının və ADBTİA-nın daxilində qəbul edilən qərarlara müvafiq fəaliyyət göstərir.

Hazırda Mərkəzin ümumi sahəsi 450 m2-dir. Burada müasir dizayn və standartlara tam şəkildə cavab verən Heydər Əliyev Mərkəzi və oxu zalları vardır. Bütün ərazi yüksək sürətli Wi-Fi internetlə təmin edilmiş, bir çox proseslər avtomatlaşdırılmış, elektron kitabxana yaradılmışdır. Kitabxana xidmətlərinin avtomatlaşdırılması və inteqrasiyası istifadəçilərin vaxt və məkan asılılığı olmadan kampus xaricində kitabxana resurslarından istifadə etmələrinə imkan verir. Elektron kitabxanada dünyanın 60.000-dən çox kitabxanasında fəaliyyət göstərən və kitabxanadaxili bütün prosesləri avtomatlaşdıran “Follett” şirkətinin “Destiny Library Manager” proqramı istifadə olunur. Elektron kitabxana sistemi smartfon və planşet kimi mobil və portativ qurğulara uyğundur. Bu uyğunluq kitabxana istifadəçiləri üçün kitabxana resurslarından istifadəni asanlaşdırır.

Elmi innovasiyalar mərkəzinin Elektron kitabxanası tədqiqat, təhsil, qrup müzakirələri və görüşlər üçün də rahat otaqlar təklif edir. Mərkəzin ərazisi rahat mebel avadanlıqları, kompüter texnologiyaları, müasir qurğularla təchiz edilmişdir.

Kitab fondunda 200.000-ə yaxın Azərbaycan, türk, rus və ingilis dillərində kitablar, dərsliklər, bədii ədəbiyyat, broşuralar, informasiya xarakterli nəşrlər, elmi jurnallar, yerli və xarici ölkələrin nəşriyyatları tərəfindən nəşr olunmuş ədəbiyatlar, nadir və qədim kitablar, dövri nəşrlər, mühazirə mətnləri, akademiyada tədris olunan bütün ixtisaslara aid fənlər üzrə fənn proqramları, metodik göstərişlər,  elektron daşıyıcılar, ensiklopediyalar, lüğətlər, dissertasiyalar, avtoreferatlar və digər materiallar toplanıb.

Akademiyanın professor-müəllim heyətinin və digər müəlliflərin 600-dən artıq dərslik və tədris vəsaiti elektron formata salınaraq elektron kitabxanaya daxil edilmiş və oxucuların ixtiyarına verilmişdir. O cümlədən istifədəçilərə açıq istifadəyə imkan verən (Open Access) informasiya bazalarından yararlanmaq və türk, rus, ingilis dillərində on minlərlə kitab, dərslik, məqalə və digər açıq resurslara çıxış imkanı yaradılmışdır.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Elmi innovasiyalar mərkəzinin resursları Akademiyanın xaricində yalnız öz professor-müəllim heyəti, işçiləri və tələbələri üçün istifadəyə verilir.

Xəbərlər