Türkiyənin Gənclər və İdman Nazirliyinin nümayəndə heyəti Azərbaycan İdman Akademiyasında qonaq olub
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Türkiyənin Gənclər və İdman Nazirliyi arasında 2024-cü ildə imzalanmış protokola əsasən, Bakıda “Məşqçi təlimi” mübadiləsi proqramı həyata keçirilir.
Proqram çərçivəsində mayın 15-də Türkiyənin Gənclər və İdman Nazirliyini təmsil edən 8 nəfərlik nümayəndə heyəti Azərbaycan İdman Akademiyasına (ASA) səfər edib.
Səfər zamanı qonaqları salamlayan ASA-nın Tədris işləri üzrə prorektoru Ülkər Babayeva bildirib ki, Akademiya Azərbaycan və Türkiyə arasında idmanın inkişafı sahəsində formalaşan səmərəli əməkdaşlığa töhfə verməyə davam edir. Prorektor qonaqlara Akademiyada tələbələr üçün yaradılan şərait, məşqçilik sahəsində tətbiq olunan ikili diplom proqramları barədə ətraflı məlumat verib.
Görüşdə hər iki ölkə arasında idman məşqçiliyi sahəsində əməkdaşlığın mümkün istiqamətləri müzakirə olunub.
Daha sonra nümayəndə heyəti ASA-nın MediaLab, İdman Tibbi Tədqiqatları Laboratoriyası, eləcə də Keyfiyyət təminatı və tələbələrə akademik dəstək departamentində yaradılan şəraitlə tanış olublar.