II Çoxtərəfli Gənclik Mübadilə Proqramı
“İdmanda birləşək” mövzusunda II Çoxtərəfli Gənclik Mübadilə Proqramı
Azərbaycanın 2024-cü il idman paytaxtı – Qubada Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Türk Dövlətləri Təşkilatı və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası tərəfindən 11-17 Fevral 2024-cü il tarixlərində birgə həyata keçirilən “İdmanda birləşək” mövzusunda II Çoxtərəfli Gənclik Mübadilə Proqramı başa çatıb. II Çoxtərəfli Gənclik Mübadilə Proqramında Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrdən idmana və onun geniş təsirinə həvəsli gənclər və Azərbaycan universitetlərinin tələbələri iştirak ediblər. Proqramın açılış mərasimində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov, Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Sədi Cəfərov, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Tədris işləri üzrə prorektoru Rafail Novruzov, ASAPES-in Beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəmilə İsmayılzadə və Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova çıxış edərək, iştirakçılara uğurlar arzulayıblar.
Proqramında gedişində iştirakçılar idmana aid müxtəlif mövzularda təlim sessiyalarında və mühazirələrdə iştirak ediblər. Azərbaycanlı alpinist və Azərbaycan Alpinizm Federasiyasının baş katibi İsrafil Aşurlu, Bakı Şəhər Halqasının nümayəndələri Əzizli Rəfail və Fərzullazadə Fidan, Topçubaşov Mərkəzinin tədqiqatçısı və direktoru Rusif Hüseynov, Azərbaycan Cüdo Federasiyasının Baş katibinin kommersiya işləri üzrə məsləhətçisi Ayan Nəcəf idmanın yumşaq gücü, sosial və siyasi təsirləri, idmanda sahibkarlıq haqqında mühazirələr keçib. ASAPES-in müəllimi Əli Muradov tərəfindən “İdman və şəxsi inkişaf” mövzusunda və Çarlz Universitetinin E-idman üzrə akademik departamentinin rəhbəri Zdenek Ledvina tərəfindən “Rəqəmsal dövrdə Elektron İdman Konsepsiyası” təlim və seminarda iştirak ediblər.
“Pilates Life” və “Danceabilty” komandaları tərəfindən idman və rəqs təlimləri həyata keçirilib, iştakçılar eksperimental vorkşopa qoşulublar. İştirakçılar proqram ərzində gün ərzində basketbol, voleybol, futbol, stolüstü tennis, üzgüçülük kimi idman növlərində özlərini sınayıblar, komandalara bölünərək idman turnirlərində iştirak ediblər. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Türkiyədən olan gənclərin bir-birlərini daha yaxşı tanımaları və dostlaşmaları üçün müxtəlif komanda quruculuğu fəaliyyətləri, iştirakçılar arasında qədim və müasir türk xalqları, türk ölkələri, tarixi, dili, adət-ənənələri, yeməkləri, mənəvi dəyərləri haqqında Kahoot və “Nə? Harada? Nə zaman?” intellektual oyunları keçirilib.
İştirakçılara Quba şəhəri ilə daha yaxından tanış olmaq üçün ekskursiya təşkil edilib, onlar Qırmızı qəsəbəni: Qırmızı qəsəbənin Altı günbəz və Hilaki sinaqoqlarını, Dağ Yəhudiləri Muzeyini ziyarət ediblər. Mədəni mübadilə vörkşopunda iştirakçılar öz mədəni/ənənəvi atributlarını, yeməklərini və geyimlərini nümayiş etdiriblər. Proqramın sonuncu günü Qala şam yeməyi və iştirakçıların mədəni istedadlarını nümayiş etdirdikləri Mədəniyyət gecəsi ilə davam edib. Proqramın sonunda bağlanış mərasimi keçirilib və iştirakçılara sertifikatlar təqdim olunub.