Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

DAAD yay məktəbi

Azərbaycan İdman Akademiyasında DAAD (Alman Akademik Mübadilə Xidməti) Go East proqramı çərçivəsində təşkil olunan"Xəzərdə İdman Macəraları" adlı Beynəlxalq Yay Məktəbinin 1-ci həftəsi yekunlaşıb. Yay məktəbində Alman tələbələrlə yanaşı Akademiya tələbələri də iştirak edir.

2-14 sentyabr tarixlərində keçirilən Yay Məktəbinin məqsədi gənclər arasında idman mədəniyyətini artırmaq, iştirakçıların fiziki və sosial qabiliyyətlərini qiymətləndirmək və inkişaf etdirmək, idman yarışlarında həmrəyliyi gücləndirmək və mədəniyyətlərarası ünsiyyəti artırmaqdır. Yay məktəbinin iştirakçıları Milli Olimpiya Komitəsinin Beynəlxalq Proqramlar Komissiyasının katibi Ceyhun Rəhmanov, ADA Universitetinin dosenti Anar Vəliyev, Azərbaycan İdman Akademiyasının prorektorun müşaviri Zərifə Kamilova, alpinist, Azərbaycan Alpinizm Federasiyasının Baş katibi İsrafil Aşurlu tərəfindən keçirilən idman yönümlü təlim və seminarlara cəlb olunub. Mədəni proqram çərçivəsində iştirakçılarlarla "Atəşgah" məbədi Dövlət Tarix-Memarlıq Qoruğu, Heydər Əliyev Mərkəzi və şəhər kənarına ekskursiya təşkil olunub. Bununla yanaşı, Beynəlxalq Yay Məktəbi çərçivəsində iştirakçılar “Sabah” FK-nın 17 yaşlılarla məşq prosesini izləyib, şahmat turnirində və intellektual yarışlarda iştirak ediblər.