Prezident İlham Əliyev: "Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir"
İLHAM ƏLİYEV: “Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”
Azərbaycanın 23 saat 43 dəqiqə çəkən antiterror tədbirləri:
44 günlük Vətən müharibəsi ilə işğaldakı torpaqlarını azad edən Azərbaycan 23 saat 43 dəqiqə davam edən lokal antiterror tədbirlərindən sonra Qarabağda öz suverenliyini bərpa etdi. Bu, Azərbaycanın həm hərbi, həm diplomatik müstəvidə növbəti mühüm qələbəsidir. İkinci Qarabağ müharibəsindən keçən üç ilə yaxın müddət ərzində Bakı həm İrəvanla sülh müqaviləsinin imzalanması, həm də Qarabağ ermənilərinin reinteqrasiyası üçün öz təşəbbüslərini, təkliflərini irəli sürdü.
20 sentyabr 2023-cü il saat 13:00-da yerli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub.
Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan xalqına müraciətində vurğulayıb ki, "Əməliyyat başlamazdan əvvəl mənim tərəfimdən bütün hərbi birləşmələrimizə bir daha ciddi tapşırıq verilmişdir ki, aparılan antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunmalıdır. Biz həm yüksək dəqiqliyə malik olan silahlardan istifadə edərək buna nail olduq, eyni zamanda, Silahlı Qüvvələrimizin peşəkarlığı nəticəsində mülki vətəndaşlar tamamilə özlərini sığortalanmış vəziyyətdə hiss etmişlər. Eyni zamanda, göstəriş verilmişdir ki, mülki infrastruktura da heç bir zərbə dəyməməlidir, ancaq hərbi infrastruktur sıradan çıxarılmalıdır. Ordumuzun peşəkarlığı, texniki imkanları bizə bu vəzifəni şərəflə yerinə yetirməyə şərait yaratdı".
Qeyd edək ki, Prezident Administrasiyasının təklif etdiyi kimi, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə sentyabrın 21-də Yevlaxda görüşüb.
Artıq qondarma rejim yoxdur. Artıq hər şey həll olunub və 23 saat 43 dəqiqə ərzində Azərbaycan öz ərazilərini boz zonadan çıxarmaqla separatizmin və erməni işğalçılığının kökünə son qoydu. Bu reallıq həm də 23 saat 43 dəqiqənin qalibiyyətidir. O cümlədən, Prezident İlham Əliyevin dövlət televiziyasında vurğuladığı kimi, Qarabağ erməniləri bundan sonra heç vaxt cinayətkar xunta rejiminin girovlarına çevrilməyəcəklər və onlar da Azərbaycan vətəndaşı hüquqlarından istifadə olunmaqla munisipial seçkilərdə iştirak edəcək, təhsil alacaq və əmin-amanlıq şəraitində yaşayacaq, işləyib-çalışacaqlar. Dövlət başçısının bu çıxışları paralel olaraq regionumuzda sabitlik arzu etməyən bəlli xarici dairələrə, məlum ölkələrin dövlət başçılarına da kifayət qədər yetərli cavab oldu!
Separatçılar təslim oldular
Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub. Qeyd edilib ki, Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə etdiyi müraciət nəzərə alınaraq, 2023-cü il sentyabrın 20-də saat 13:00-da, aşağıdakı şərtlər əsasında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub:
1. Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan Respublikasının ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.
2. Paralel olaraq bütün silah-sursat və ağır texnika təhvil verilir.
3. Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının açıqlamasında bildirilib ki, Prezident Administrasiyasının təklif etdiyi kimi, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə sentyabrın 21-də Yevlaxda görüş keçirilmişdir.
Sentyabrın 20-də xalqa müraciət edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib ki, sentyabrın 19-da günorta saatlarında Qarabağda başlamış “antiterror tədbirləri” nəticəsində Azərbaycan öz suverenliyini bərpa edib və "qanunsuz erməni silahlı birləşmələrinin mövqelərdən çıxarılma" prosesi başlayıb.
O, Qarabağ ermənilərinə müraciətində onlar üçün müxtəlif sosial proqramlar icra etməyə hazır olduqlarını deyib və "bu tarixi şansı" qaçırmamağa çağırıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.
Prezident İlham Əliyev Xankəndidə 15 oktyabrda Azərbaycan bayrağını ucaltdıqdan sonra xalqa müraciətində bildirib:
“Ulu Öndərin 100 illiyini qeyd etdiyimiz vaxtda bu gün burada olmağım, əlbəttə ki, böyük rəmzi məna daşıyır. Onu da bildirməliyəm ki, Azərbaycan torpağında heç bir tarixi, coğrafi və siyasi əsası olmayan Dağlıq Qarabağ Muxtar Vilayəti də 100 il bundan əvvəl - 1923-cü ildə yaradılmışdır”.
Mən düz 20 il bundan əvvəl – 2003-cü il oktyabrın 15-də Azərbaycan xalqına və özümə o sözü vermişdim. Bəli, biz 20 il gözlədik, daha doğrusu 17 il. Üç il bundan əvvəl Şuşada bizim Bayrağımız qaldırıldı. Ancaq biz istədiyimizə nail olduq, Azərbaycan xalqının onilliklər ərzində olan arzularını çin etdik. Azərbaycan xalqının ləyaqətini bərpa etdik. Biz torpaqlarımızı geri qaytarmışıq, ərazi bütövlüyümüzü bərpa etmişik, eyni zamanda, öz ləyaqətimizi bərpa etmişik”.
“Əfsuslar olsun ki, mənim 20 il bundan əvvəl dediyim və ondan sonra dəfələrlə təkrar etdiyim sözlər onlara çatmadı. Onlar hesab edirdilər ki, bu, sadəcə olaraq, sözdür. Xeyr, mən nəyi demişəmsə, onu da etmişəm, bunu hər kəs bilir, o cümlədən Ermənistanda da bunu bilirlər və bunu unutmasınlar. Vətən müharibəsini unutmasınlar! Antiterror tədbirlərini unutmasınlar! Əgər yenə də Ermənistanda hansısa qüvvə revanş haqqında düşünürsə, bax, bu kadrlara yaxşı baxsın”.
“Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”
Allah Şəhidlərimizə rəhmət eləsin!
Dilqəm Quliyev,
pedaqogika üzrə elmlər doktoru, professor