Azərbaycan ilk dəfə FIEPS-in “New Leaders 2025” proqramında təmsil olunub
Azərbaycan İdman Akademiyasının İdman məktəbinin Tədqiqat işləri üzrə koordinatoru, Məşqçilik proqramının müəllimi və Qazi Universitetinin doktorantı Fərhad Cəlalov Beynəlxalq Bədən Tərbiyəsi və İdman Federasiyasının (FIEPS) “New Leaders 2025” proqramına qəbul olunub.
Fərhad Cəlalov “New Leaders 2025” proqramı çərçivəsində dünyanın 42 ölkəsindən 200-dən çox iştirakçının qatıldığı 19-cu FIEPS Avropa konqresində çıxış etmək və elmi seminarlarda iştirak etmək imkanı qazanıb. O, müxtəlif ölkələrdən olan idman sahəsi üzrə elm adamları, tədqiqatçılar və idman mütəxəssisləri ilə təcrübə mübadiləsi aparıb.
FIEPS 1923-cü ildə Belçikanın Brüssel şəhərində təsis olunub. Federasiyanın əsas məqsədi fiziki tərbiyə və idman təhsilinin inkişafını təşviq etmək, bu sahədə elmi tədqiqatları dəstəkləmək və beynəlxalq əməkdaşlığı gücləndirməkdir. Azərbaycan 2024-cü ildən FIEPS-in üzvüdür və ölkəmizi bu qurumda Akademiyanın Tədris üzrə prorektoru Ülkər Babayeva təmsil edir.
Fərhad Cəlalov tədbirdə FIEPS-in Azərbaycan üzrə nümayəndəsi və elmi rəhbəri Ülkər Babayeva ilə birgə beynəlxalq görüşlərdə də iştirak edib.
Qeyd edək ki, Azərbaycan bu nüfuzlu proqramda ilk dəfə təmsil olunub.