Azərbaycan İdman Akademiyasında tələbələr üçün TOPs metodologiyası üzrə təlim keçirilib
19 oktyabr tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təşkil edilən və Azərbaycan İdman Akademiyasının Tələbə və Könüllülərlə İş Şöbəsinin dəstəyi ilə həyata keçirilən “TOPs - təhsilalanların fiziki hazırlığı, psixoloji dayanıqlığı və təlim nailiyyətlərinin yüksəldilməsi” layihəsi çərçivəsində təlim keçirilib.
Təlim fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi ixtisası üzrə təhsil alan tələbələrin iştirakı ilə TOPs metodologiyası üzrə təşkil olunub. Təlim zamanı fiziki tərbiyə fənninin məqsədi, məzmunu, müəllimin rol və vəzifələri, müsbət tədris mühitinin yaradılması, habelə inklüziv tədris ilə bağlı müzakirələr aparılıb və tələbələrə müasir təlim üsulları vasitəsilə dərslərin keyfiyyətinin artırılması üçün nəzəri və praktiki məşğələlər keçirilib.
Təlimlər başa çatdıqdan sonra TOPs proqramı üzrə ixtisaslaşmış mütəxəssislər tərəfindən tələbələrin təlimöncəsi və təlimsonrası qiymətləndirilməsi həyata keçirilərək, iştirakçılara TOPs metodiki tədris kartları təqdim edilib.
Qeyd edək ki, TOPs layihəsi 2014-2015-ci tədris ilindən etibarən pilot layihə olaraq Bakının üç məktəbində tətbiq olunmağa başlanmış və 2022-2023-cü tədris ilində Elm və Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən bütün ümumi təhsil müəssisələrini əhatə etmişdir.
Layihə Elm və Təhsil Nazirliyi, British Council, Azərbaycan İdman Akademiyası və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilir. Layihənin əsas məqsədi ümumtəhsil məktəblərində təhsil alanların hərəki bacarıqlarının inkişafını təmin edən əlverişli mühitin yaradılması, onların fiziki sağlamlığının artırılması, fiziki tərbiyə və ibtidai sinif müəllimlərinin TOPs metodologiyası vasitəsilə bilik və bacarıqlarının inkişaf etdirilməsidir.