Azərbaycan İdman Akademiyasında magistr dissertasiyalarının ilkin müzakirəsi keçirilib
Mayın 14-də Azərbaycan İdman Akademiyasının (ASA) “Menecment və ümumi fənnlər” kafedrasında magistrantların dissertasiya işlərinin ilkin müzakirəsi keçirilib.
Tədbirdə Akademiyanın Elm və innovasiyalar üzrə prorektorunun müşaviri, m.e.d., professor əvəzi Nailə Kələntərli çıxış edərək bildirib ki, ASA ilə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MGİMO) arasında imzalanmış ikili diplom proqramı çərçivəsində “İdman menecmenti” ixtisası üzrə 15 magistrantın dissertasiya işi müzakirəyə çıxarılıb.
Müzakirələrdə Tələbələrlə iş üzrə prorektorun müşaviri, f.ü.f.d., dosent Lalə Əhmədova, kafedranın müdiri vəzifəsini icra edən, p.ü.f.d., dosent Elnarə Əliyeva, eləcə də kafedra əməkdaşları iştirak ediblər.
Magistrantlar tərəfindən “İdmanda antidopinq sisteminin idarə olunması üçün effektiv strategiyalar: problemlər və perspektivlər”, “Ümumdünya Antidopinq Məcəlləsi və Test, Tədqiqatlar üzrə Beynəlxalq Standart: Azərbaycan Respublikasında tətbiq və tətbiq perspektivləri”, “Azərbaycanda aşağı liqa klublarının maliyyə çətinliklərinin həlli yolları”, “Rusiyada qış idman növləri üzrə milli və beynəlxalq idman yarışlarının təşkili: problemlər və həll yolları”, “Hazırda Azərbaycan futbol komandasının dünya yarışlarında iştirakını məhdudlaşdıran amillər və onların aradan qaldırılması yollarının tədqiqi”, “Azərbaycanda əhalinin kütləvi idmana cəlb edilməsinin idarəetmə aspektləri”, “İdman sponsorluğunun effektivliyinin artırılması”, “Futbol sahəsində kiçik və böyük klublar arasında maliyyə ədalətsizliyi və maliyyə bərabərsizliyi”, “Böyük futbol turnirlərində könüllü proqramların idarə edilməsi: təcrübə və tövsiyələr”, “Azərbaycanda idman turnirlərində yaranan problemlərin təhlili” və “Şagirdlərin idmanda psixoloji məhdudiyyətləri və onların nəticələri” mövzularında tədqiqat işləri təqdim olunub.
Dissertasiya mövzularının elmi və praktiki əhəmiyyəti ilə bağlı suallar cavablandırılıb, fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı magistrantlar, elmi rəhbərlər, rəyçilər tərəfindən işlərin aktuallığı və praktiki əhəmiyyəti xüsusi vurğulanıb.