Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Azərbaycan İdman Akademiyasında əcnəbi tələbələrlə tanışlıq görüşü keçirilib

14 oktyabr 2024-cü il tarixində Azərbaycan İdman Akademiyasında 2024/2025-ci tədris ilində Akademiyaya daxil olan əcnəbi tələbələr üçün tanışlıq görüşü təşkil edilib. Görüşdə çıxış edən Elmi işlər, beynəlxalq əlaqələr və keyfiyyət siyasəti üzrə prorektor Ülkər Babayeva və Tədrisin təşkili üzrə prorektor Rafail Novruzov Akademiyada əcnəbi tələbələrə xüsusi diqqət göstərildiyini vurğulayaraq, qeyd ediblər ki, bu yanaşma nəticəsində hər il Akademiyaya müraciət edən əcnəbi tələbələrin sayı artmaqdadır.

Görüş zamanı Tələbə və könüllülərlə iş şöbəsinin müdiri Nəzrin Ömərzadə tərəfindən Akademiyanın tarixi, nizam-intizam qaydaları, tədris prosesi və tələbələrə dəstək xidmətləri haqqında da ətraflı məlumat verilib. Tələbələrin sualları cavablandırılıb və təklifləri dinlənilib.

Sonda tələbələr üçün Akademiyanın infrastrukturu ilə tanışlıq məqsədilə ekskursiya təşkil edilib. Qeyd edək ki, bu il Akademiyaya Rusiya Federasiyası, Gürcüstan, Özbəkistan, İran İslam Respublikası, Əfqanıstan, Ukrayna, Mozambik və Şri-Lankadan ümumilikdə 25 əcnəbi tələbə qəbul olub.

Xəbərlər