ASA-nın əməkdaşları Orhun Mübadilə Proqramı çərçivəsində Qazaxıstanda səfərdədirlər
Orhun Mübadilə Proqramı çərçivəsində Azərbaycan İdman Akademiyasının (ASA) əməkdaşları İlkin Məmmədov və Günel Məmmədova Qazaxıstan Respublikasında yerləşən Hoca Ahmet Yesevi Uluslararası Türk-Kazak Universitetində səfərdədirlər.
Səfərin ilk günündə Akademiya nümayəndələri universitetin akademik işlər üzrə prorektoru, dosent Elmira Kaisarbaevna İdrisova və Maliyyə, beynəlxalq əlaqələr üzrə prorektoru Mustafa Giritlioğlu ilə görüşüblər. Görüş zamanı universitet rəhbərliyi Azərbaycan ilə Qazaxıstan arasında mövcud dostluq və qardaşlıq münasibətlərinin əhəmiyyətini vurğulayıb, ASA-nın əməkdaşlarının səfərini yüksək qiymətləndirib. Qeyd olunub ki, bu il Azərbaycandan 20 tələbə təqaüdlə Xoca Əhməd Yəsəvi Beynəlxalq Türk–Qazax Universitetinə qəbul olunub.
Görüşün sonunda xatirə fotosu çəkdirilib, birgə gələcək layihələr və əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Akademiyanın əməkdaşlarının Qazaxıstana səfəri iki həftə davam edəcək.