Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASA-da Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş esse müsabiqəsinin iştirakçıları ilə görüş keçirilib

Azərbaycan İdman Akademiyasında (ASA) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə və Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsinə həsr olunmuş esse müsabiqəsinin iştirakçıları ilə görüş keçirilib. Müsabiqə “Hüquqlar, azadlıqlar və vəzifələr şəxsiyyətin, cəmiyyətin və dövlətin dəyərləri kimi” mövzusuna həsr olunub.

Görüşdə ASA-nın rektoru Fuad Hacıyev, Akademiyanın Tələbələrlə iş üzrə prorektoru Almaz Ələkbərova, Keyfiyyət təminatı və ömürboyu təhsil üzrə prorektor Rafail Novruzov, professor-müəllim heyəti, inzibati heyət üzvləri və tələbələr iştirak ediblər.

Sözügedən müsabiqənin əsas məqsədi hüquqi düşüncə tərzini təşviq etmək, fərdi və ictimai məsuliyyət hissini gücləndirmək, gənclərin hüquq və azadlıqlarla bağlı biliklərini dərinləşdirmək, həmçinin idmanın dövlət, şəxsiyyət və cəmiyyət münasibətlərindəki əhəmiyyətini vurğulamaqdır.

Qeyd edilib ki, bu müsabiqənin Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunması xüsusi önəm daşıyır. Ulu Öndər Heydər Əliyev hüquqi dövlətin və vətəndaş cəmiyyətinin əsasının qoyulmasında, insan hüquq və azadlıqlarının qorunmasında mühüm rol oynamış dahi şəxsiyyətdir. Onun rəhbərliyi ilə qəbul edilmiş 1995-ci il Konstitusiyası müasir Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişafının əsasını qoyub.

Tədbirdə vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyev hər zaman gənclərin intellektual və mənəvi inkişafına xüsusi önəm verib. Onun “İdman yalnız sağlamlığın deyil, həm də vətənpərvərliyin təbliğatçısıdır” fikri aktuallığını bu gün də qoruyur. Bu baxımdan esse müsabiqəsi gənclərin Heydər Əliyevin ideyaları işığında dövlətçilik, hüquq və idman münasibətlərini daha dərindən dərk etmələrinə xidmət edir.

Sonda esse müsabiqəsinin iştirakçıları təşəkkürnamələrlə təltif olunublar və xatirə fotosu çəkilib.

Xəbərlər