ASAPES-in MGİMO ilə ikili diplom proqramı davam edir
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (Universiteti) ilə ikili diplom proqramı çərçivəsində tədrisi rus dilində aparılan “İdman menecmenti” magistr ixtisasının tələbələrinə “İdman psixologiyası” modulunu tədris etmək məqsədilə Böyük Britaniyadan növbəti qonağı dəvət edib – dekabrın 11-dən etibarən Çiçester Kollec Universitetinin (University College Chichester) “İdman psixologiyası” ixtisası üzrə magistr məzunu, Bornmut Universitetinin (Bournemouth University) “İdman psixologiyası və məşqçilik” üzrə doktorantı, “Sauthempton” Futbol Klubunun (Southampton FC) qadınlar və qızlar üzrə performans psixoloqu Amanda Ceyn Pinkney (Amanda Jane Pinckney) Bakıda səfərdədir.
İntensiv keçirilən dərslər zamanı xanım Pinkney magistrantlara motivasiya, özünəəminlik və özünütəlqin, qrup dinamikası və liderlik, diqqətin cəmlənməsi və icra, stress mənbələri və rahatlanma və digər mövzularda mühazirələr oxuyur. Dekabrın 17-dək davam edəcək səfər zamanı idman psixologiyası üzrə mütəxəssis “İdman menecmenti” magistr proqramının tələbələrinə müxtəlif tipli testlər və praktiki tapşırıqlar verməklə onların idman psixologiyasını dərindən mənimsəməsinə yardım edəcək.