Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ADBTİA idman təhsili sahəsində yeniliklərə imza atır

İdman sahəsində çalışan mütəxəssislər və bu aləmə addım atmaq istəyənlər üçün  peşəkar təlim və inkişaf  proqramlarına start verildi

Cari ilin 14 oktyabr tarixində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) İxtisasartırma proqramlarının (Executive Education) təqdimatı keçirilib. Tədbirdə idman federasiyalarının rəsmiləri,  idman ictimaiyyətinin tanınmış nümayəndələri, xarici idman mütəxəssisləri və Akademiyanın müəllim və professor heyəti iştirak edib.

Tədbiri giriş sözü ilə açan Akademiyanın rektoru Fuad Hacıyev son 9 ayda tədris müəssisəsində gedən yenidənqurma və təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində aparılan işlərindən söhbət açıb. Rektor bildirib ki, təmir və yenidənqurma işləri ümumi sahəsi 7500 kv.m.-dən artıq olan sahədə aparılmışdır. Bura elektron kitabxana və muzey, yeni kitab fondu, tələbə mərkəzi, kafedralar, inzibati otaqlar, müasir kafe və tibb məntəqəsi, tədris auditoriyaları, təlim mərkəzi və s. daxildirlər. Akademiyanın binasında bütün kommunikasiyalar (istilik, havalandırma və soyutma sistemləri, internet xətləri, elektrik, su və kanalizasiya sistemləri) yenidən qurulmuş, Akademiya müvafiq mebel və avadanlıqlarla təmin edilmişdir. Müəllim və tələbə heyəti üçün elektron buraxılış və nəzarət sistemi yaradılmışdır, təhlükəsizliyin təmin edilməsi məqsədilə elektron tələbə bileti istifadəyə verilir. Akademiyada həmçinin abadlıq və landşaft işləri də yekunlaşmaq üzrədir.

Eyni zamanda, Akademiyada tədrisin keyfiyyətinin qaldırılması və tələbələrin biliyinin qiymətləndirilməsi prosesində şəffaflığın təmin edilməsi məqsədilə bir sıra müvafiq işlər görülmüş, o cümlədən idman təhsili sahəsində beynəlxalq təcrübə öyrənilmiş, inkişaf etmiş ölkələrinin bir sıra universitetləri ilə ikitərəfli əməkdaşlıq əlaqələri qurulmuş, tədris prosesində beynəlxalq SCORM standartını dəstəkləyən “Online University” sistemi adaptasiya edilmişdir. Qeyd etmək lazımdır ki, bu sistem əyani dərslər və imtahanlardan başqa, həmçinin distant təhsil funksiyasına malikdir, tələbələr üçün dünyanın aparıcı universitetlərin kitabxana və elektron bazalarından istifadəni mümkün edir.

Dünyanın aparıcı universitetlərinin təcrübəsindən yararlanaraq, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası İxtisasartırma Proqramlarını təsis etmişdir. İxtisasartırma Proqramları sürətlə dəyişən və inkişaf edən idman sahəsində çalışan mütəxəssislərə, eləcə də bu aləmə qoşulmaq istəyən hər kəsə peşəkar təlim proqramlarını təklif edir.  İxtisasartırma Proqramlarının missiyası yerli və xarici idman mütəxəsislərinin iştirakı ilə elmi və praktiki təlim proqramlarını təşkil etməklə idman aləmində çalışan peşəkarları və bu sahəyə yenicə qoşulan gənc mütəxəssisləri səmərəli fəaliyyətə ruhlandırmaq və onlara yüksək səviyyəli tədris verməkdir.

İdman sferasında yeganə peşəkar təlim mərkəzi olan ADBTİA İxtisasartırma Proqramları Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Beynəlxalq Olimpiya Akademiyası (Yunanıstan), Impact British Training Solutions (İngiltərə), Dan Mason Media (İngiltərə), Beynəlxalq Tətbiqi Kineziologiya Kolleci (Rusiya Federasiyası) və digər təhsil agentlikləri ilə əməkdaşlığa başlamışdır.

Tədbirdə ADBTİA-nın Strateji İnkişaf Qrupunun rəhbəri, İxtisasartırma Proqramlarının meneceri, beynəlxalq idman mühitində tanınmış və İxtisasartırma Proqramlarında təlimçi olaraq fəaliyyət göstərəcək  Amanda Brüyer (Amanda Brewer) və Dən Meyson (Dan Mason) çıxış etmişdirlər.  Çıxışlar zamanı “İdman menecmenti”, “İdman marketinqi və sponsorluğu”, “İdmanda düzgün qidalanma”, “İdman jurnalistikası”, “İdman psixologiyası”, “İdmanda ingilis dili” və digər qısamüddətli təlim proqramları, eyni zamanda “Beynəlxalq Fitnes Təlimatçısı”, “Tətbiqi kineziologiya” və “İdman travması profilaktikası və reabilitasiyası” üzrə beynəlxalq sertifikat proqramları təqdim olunmuşdur.

 

Xəbərlər