Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Türkdilli dövlətlərin tələbələri arasında II Çoxtərəfli Gənclik Mübadilə Proqramı təşkil olunub

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Türkiyədən 60-dan çox gəncin iştirak etdiyi ll Çoxtərəfli Gənclik Mübadilə Proqramı təşkil olunub. 
Proqramın gedişində iştirakçılar idmana aid müxtəlif mövzularda təlim sessiyalarında və mühazirələrdə iştirak ediblər. Azərbaycanlı alpinist və Azərbaycan Alpinizm Federasiyasının baş katibi İsrafil Aşurlu, Bakı Şəhər Halqasının nümayəndələri Rəfail Əzizli və Fidan Fərzullazadə, Topçubaşov Mərkəzinin tədqiqatçısı və direktoru Rusif Hüseynov, Azərbaycan Cüdo Federasiyasının Baş katibinin kommersiya işləri üzrə məsləhətçisi Ayan Nəcəf idmanın yumşaq gücü, sosial və siyasi təsirləri, idmanda sahibkarlıq haqqında iştirakçılara mühazirələr keçib. ASAPES-in müəllimi Əli Muradov tərəfindən “İdman və şəxsi inkişaf” mövzusunda və Çarlz Universitetinin E-idman üzrə akademik departamentinin rəhbəri Zdenek Ledvina tərəfindən “Rəqəmsal dövrdə elektron idman konsepsiyası” mövzusunda təlim və seminarlar baş tutub.
“Pilates life” və “Danceabilty” komandaları tərəfindən idman və rəqs təlimləri həyata keçirilib, iştirakçılar eksperimental vorkşopa qoşulublar. Tələbələr proqram ərzində basketbol, voleybol, futbol, stolüstü tennis, üzgüçülük kimi idman növlərində komandalara bölünərək idman turnirlərində iştirak ediblər. İştirakçıların bir-birlərini daha yaxşı tanımaları və dostlaşmaları üçün müxtəlif komanda quruculuğu fəaliyyətləri, iştirakçılar arasında qədim və müasir türk xalqları, türk ölkələri, tarixi, dili, adət-ənənələri, yeməkləri, mənəvi dəyərləri haqqında "Kahoot" və “Nə? Harada? Nə zaman?” intellektual oyunları keçirilib. 
İştirakçılar üçün Quba şəhərini daha yaxından tanış olmaq məqsədilə ekskursiyalar təşkil edilib. Onlar Qırmızı qəsəbəni - Qırmızı qəsəbənin Altı günbəz və Hilaki sinaqoqlarını, Dağ Yəhudiləri Muzeyini ziyarət ediblər. Mədəni mübadilə vorkşopunda iştirakçılar öz mədəni və ənənəvi atributlarını, yeməklərini və geyimlərini nümayiş etdiriblər. Proqramın sonuncu günü qala şam yeməyi və iştirakçıların mədəni istedadlarını nümayiş etdirdikləri mədəniyyət gecəsi ilə davam edib. Proqramın sonunda bağlanış mərasimi keçirilib və iştirakçılara sertifikatlar təqdim olunub.

Xəbərlər