Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASAPES-də üçtərəfli əməkdaşlıq sazişi imzalanıb

ASAPES, MİTRİ və Rusiyanın Federal İdman Tibbi və Reabilitasiyası üzrə Federal Elmi və Klinik Mərkəzi arasında üçtərəfli əməkdaşlıq Sazişi imzalanıb

İyunun 16-17-də Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş "İdman tibbi və reabilitasiyanın müasir aspektləri" mövzusunda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında keçirilən dəyirmi masada yerli ekspertlərlə yanaşı, Avstriya, Böyük Britaniya, Belarus və Rusiyadan olan mütəxəssislər də iştirak edib. Dəyirmi masanın 2-ci günündə qonaqlar Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutunun (MİTRİ) fəaliyyəti və infrastrukturu ilə tanış olublar.

İnstitutun direktoru Səbinə Xəlilova qonaqlara rəhbəri olduğu mərkəzlə bağlı ətraflı məlumat verərək burada təklif olunan xidmətlər haqqında danışıb. Sonda isə ADBTİA, MİTRİ və Rusiyanın Federal İdman Tibbi və Reabilitasiyası üzrə Federal Elmi və Klinik Mərkəzi arasında üçtərəfli əməkdaşlıq Sazişi imzalanıb.

Sazişi Akademiya adından Elmi işlər, beynəlxalq əlaqələr və keyfiyyət siyasəti üzrə prorektor Təhminə Tağı-zadə, MİTRİ adından direktor Səbinə Xəlilova və Federal Elmi və Klinik Mərkəz adından direktor Andrey Jalinskiy imzalayıblar.

Sazişə əsasən, hər üç institut idman tibbi və reabilitasiyası üzrə birgə elmi tədqiqatlar həyata keçirmək, praktiki seminarlar təşkil etmək və bilik mübadiləsi aparmaq haqda razılıq əldə ediblər.

#ASAPES #İdmanAkademiyası

Xəbərlər