Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASAPES-də beynəlxalq ekspertlərin iştirakı ilə dəyirmi masa fəaliyyətə başlayıb

İyunun 16-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “İdman tibbi və reabilitasiyanın müasir aspektləri” mövzusunda dəyirmi masa öz işinə başlayıb. Tədbirin keçirilməsində əsas məqsəd mövzu üzrə tədqiqat aparan alimlərlə bu sahədə çalışan həkim və fizioterapevtlər arasında fənlərarası dialoq yaratmaqdır. Belə ki, dəyirmi masada aparıcı həkimlər, fizioterapevtlər, tədqiqatçılar və ekspertlər idman tibbi və reabilitasiya sahəsindəki müasir elmi yanaşmaları, yeni metodları, texnologiyaları və mövcud ənənələri müzakirə edirlər.

ADBTİA-nın Elmi işlər, beynəlxalq əlaqələr və keyfiyyət siyasəti üzrə prorektoru Təhminə Tağı-zadənin moderatorluğu ilə keçirilən dəyirmi masa hibrid formada təşkil olunub. Mühazirəçi qismində Belarus, Böyük Britaniya, Rusiya və Avstriyadan mütəxəssislərin dəvət olunduğu tədbir 2 gün davam edəcək. Bu müddət ərzində qonaqlar ADBTİA-nın infrastrukturu ilə yanaşı, Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutu ilə də yaxından tanış olacaqlar.

#ASAPES #İdmanAkademiyası #Konfrans

Xəbərlər