Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASAPES-də “Alman-Azərbaycan Tibb işçiləri birliyi” ilə görüş keçirilib

Almaniyanın nüfuzlu “Cosmopolitan Aesthetics Hannover” klinikasının rəhbəri Abbas Əhmədli və Almaniyanın Hannover Tibb Universitetində Plastik və Rekonstruktiv cərrahiyyə üzrə rezidentura təhsili almış, hazırda “Cosmopolitan Aesthetics Hannover” klinikasının Dəri xərçəngi mərkəzinə rəhbərlik edən Gülşən Əhmədli ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) rəhbər şəxləri arasında görüş keçirilib.

Əvvəlcə Akademiyanın Elmi işlər, beynəlxalq əlaqələr və keyfiyyət siyasəti üzrə prorektoru Təhminə Tağı-zadə qonaqları Elmi-tədris laboratoriyası və Multimedia Mərkəzi ilə tanış edərək hər iki mərkəzin fəaliyyət istiqaməti barədə məlumat verib.

Daha sonra ASAPES-in rektoru Fuad Hacıyev, Elmi işlər, beynəlxalq əlaqələr və keyfiyyət siyasəti üzrə prorektoru Təhminə Tağı-zadə, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəmilə İsmayılzadə, İctimaiyyətlə əlaqələr və Marketinq şöbəsinin müdiri Sabina Abuzər və qonaqlar arasında görüş keçirilib.

Görüş zamanı Akademiyada həyata keçirilən tədbirlər və layihələr, Elmi-tədris laboratoriyasının iş fəaliyyəti ilə bağlı müzakirələr aparılıb. Bu müzakirələr çərçivəsində ASAPES-də reabilitasiya sahəsində 2 ixtisas üzrə mütəxəssislərin hazırlanmasının və bu sahədə elmi işlərin aparılmasının əhəmiyyəti xüsusi vurğulanıb.

Akademiya rəhbərliyi həmçinin Elmi-Tədris Laboratoriyasında qazilərin və hərbi qulluqçuların həyata keçirilən bərpa müalicəsinin nəticələri barədə qonaqlara məlumat verib.

Görüşdə “Alman-Azərbaycan Tibb işçiləri birliyi” ilə ASAPES arasında reabilitasiya sahəsində gələcək əməkdaşlıq məsələləri geniş müzakirə edilib.

#ASAPES #İdmanAkademiyası

Xəbərlər