Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Akademiyanın prorektoru MGİMO-nun “Açıq qapı” günündə iştirak edib

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) Elmi işlər, beynəlxalq əlaqələr və keyfiyyət siyasəti üzrə prorektoru Təhminə Tağı-zadə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MGİMO) təşkil edilən “Açıq qapı” günündə iştirak edib. Tədbir zamanı iştirakçılar qarşısında çıxış edən prorektorumuz MGİMO ilə 1 il əvvəl əldə edilən razılığa əsasən ikili diplom proqramı çərçivəsində “İdman menecmenti” üzrə magistrantların hazırlığı məsələsinə də toxunub.

Təhminə Tağı-zadə bunadək ASAPES-in tədrisi ingilis dilndə aparılan “İdman menecmenti” magistr proqramının tələbələri üçün Böyük Britaniyanın Koventri universiteti ilə də ikili diplom proqramının həyata keçirildiyini bildirib. O deyib ki, tədrisi rus dilində aparılan “İdman menecmenti” ixtisasının magistrantları üçün MGİMO ilə əldə edilən ikili diplom proqramı ASAPES üçün yeni bir mərhələnin başlanğıcıdır. Bütün bunlar isə Akademiyada təhsilin keyfiyyətinin yüksəldilməsi hesabına mümkün olub.

Rusiya Beynəlxalq Olimpiya Universitetinin Elmi işlər üzrə prorektoru, Lomonosov adına Moskva Dövlət Universitetinin Hüquq fakültəsinin “İnzibati hüquq” kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru, “Idman menecmenti” magistr proqramının müəllimi Nikolay Peşin öz çıxışında həyata keçirilən layihənin əhəmiyyətindən danışıb. O bildirib ki, idman infrastrukturlarının və tədbirlərin çoxluğu bu sahədə ixtisaslı kadrlara tələbat yaradır və məhz bu cür proqramlar yaranmış boşluğu doldurmağa imkan verir. Nəzəri biliklər və praktiki fəaliyyət isə qarşıya qoyulan məqsədə çatmaq üçün geniş imkanlar yaradır.

Qeyd edək ki, ASAPES və MGİMO arasında ikili diplom proqramı çərçivəsində əldə edilmiş razılığa əsasən, Akademiyanın bir qrup tələbəsi Rusiya paytaxtında tədris prosesi keçməklə yanaşı, bu ölkənin ən böyük idman obyektlərini ziyarət ediblər və bu qurğuların iş prinsipi ilə yaxından tanış olublar.

#ASAPES #İdmanAkademiyası #МГИМО #İdmanmenecmenti #Sportmanagement

 

Xəbərlər