Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

UCL professorunun rəhbərliyi ilə tədris prosesi davam edir

“İdman tibbi və reabilitasiya” proqramının rəhbəri, Böyük Britaniyanın UCL Universitetinin İdman, Məşq və Sağlamlıq İnstitutunun (Institute of Sports, Exercise and Health) İdman tibbi üzrə aparıcı eksperti, Böyük Britaniyanın Kral Tibb Cəmiyyətinin İdman Tibbi bölməsinin vitse-prezidenti, İdman tibbi üzrə Avropa kurikulumunun müəllifi, Beynəlxalq Olimpiya Komitəsinin tibbi eksperti Maykl Pol Luzmor (Michael Paul Loosemore) fevralın 24-dən etibarən Bakıda səfərdədir.

Magistratura təhsil səviyyəsinin tədrisi ingilis dilində aparılan “İdman tibbi və reabilitasiya” ixtisası üzrə təhsil alan I tədris ili tələbələrinə “Yuxarı ətraf zədələnmələri və onların reabilitasiyası” fənnini tədris edən professor, yuxarı ətraflarda baş verən çıxıqlar, sınıqlar və digər zədələnmələr haqqında geniş mühazirə oxuyaraq bərpa və reabilitasiya zamanı mümkün müalicə üsulları, müalicəvi idman terapiyası və digər müxtəlif reabilitasiya texnikaları haqqında məlumat verib.

Fevralın 28-dək davam edəcək tədris prosesi zamanı professor Maykl Pol Luzmorun bu ixtisas üzrə II tədris ilində təhsil alan magistrantlarla magistr dissertasiya işlərinin hazırlığı, aparılan tədqiqatların gedişatı və ortaya çıxan sualların ətraflı müzakirəsi ilə əlaqədar görüşlər keçirməsi də nəzərdə tutulub.

#ASAPES #İdmanAkademiyası #Lab

Xəbərlər