Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASAPES nümayəndələri SABAH VII Karyera Qış Məktəbində iştirak ediblər

2023-cü ildə SABAH qruplarının məzun olacaq tələbələrinin peşəkar inkişafına dəstək məqsədilə yaradılmış SABAH Karyera Akademiyası çərçivəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Şamaxı şəhərində yerləşən Tədris Mərkəzində SABAH VII Karyera Qış Məktəbi keçirilib.

Fevralın 9-dan 11-dək davam edən tədbirdə “İdman menecmenti və kommunikasiya” ixtisasının IV kurs tələbələri Ləman Sultanlı və Nərmin Hüseynova iştirakçı, Vüsal Şahverdiyev və Etibar Gülməmmədov isə könüllü kimi iştirak edib.

Qış Məktəbində tələbələrimiz SABAH Karyera Akademiyasının tərəfdaş şirkətlərinin peşəkar təlimçilərindən uğurlu karyera başlanğıcı üçün lazım olan fundamental bacarıqları öyrənərək, özlərinin prioritet fəaliyyət istiqamətlərinə (işə düzəlmə, start-up/sahibkarlıq, akademik fəaliyyət/magistarturada təhsil) uyğun təlimlərə qatılıblar.

ASAPES SABAH Mərkəzinin rəhbəri Lalə Əhmədova və koordinatoru Aydan Əliyeva isə SABAH VII Karyera Qış Məktəbi çərçivəsində əməkdaşlar üçün təşkil olunan “Təhsilin təşkili və idarəetmə” üzrə seminarlarda iştirak ediblər.

Tədbirin bağlanış mərasimində Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini Firudin Qurbanov gənclərin uğurlu karyera qurması üçün yaradılan şəxsi və peşəkar inkişaf imkanları barədə ətraflı məlumat verərək dövlət və özəl strukturlarla əməkdaşlığın savadlı, bacarıqlı və hazırlıqlı kadrların yetişməsində əhəmiyyətli rol oynadığını bildirib.

Sonda iştirakçılar Elm və Təhsil Nazirliyinin müxtəlif sertifikatları ilə təltif olunublar.

#ASAPES #İdmanAkademiyası #SABAH #ASAPESSABAH #Tələbələr #Students #Təhsil #Education

Xəbərlər