Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Ümumdünya Səhiyyə Təşkilatının nümayəndə heyəti ilə ADBTİA-nın rəhbərliyi arasında görüş keçirilib

Noyabrın 11-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndə heyəti ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) rəhbərliyi arasında görüş keçirilib.

Bu görüşü 2021-ci il mart ayında ÜST-ün Azərbaycandakı nümayəndəsi/Ölkə ofisinin rəhbəri Hande Harmancinın ADBTİA-nı ziyarətinin davamı kimi qiymətləndirmək olar.

Görüşdə ÜST-ün Avropa Regional Bürosundan Əlillik, Reabilitasiya və Palliativ Yardım üzrə regional müşavir Satiş Mişra və Əlillik, Reabilitasiya və Səhiyyə xidmətləri üzrə mütəxəssis Katal Morqan, ÜST-ün Azərbaycan nümayəndəliyindən proqram rəhbəri Fidan Talışinskaya və məsləhətçi, rATA layihəsinin milli koordinatoru Vüqar Məmmədov, ADBTİA-dan rektor Fuad Hacıyev və Tədris və elmi işlər üzrə prorektor Təhminə Tağı-zadə iştirak ediblər.

Görüşdə ÜST-ün Köməkçi Texnologiyalar Sektorunun Gücləndirilməsi layihəsi ilk müzakirə mövzusu olub.

Daha sonra ADBTİA-da reabilitasiya sahəsində iki ixtisas üzrə mütəxəssislərin hazırlanmasının və bu sahədə elmi işlərin aparılmasının əhəmiyyəti xüsusi vurğulanıb. Akademiya rəhbərliyi həmçinin Elmi-Tədris Laboratoriyasında qazilərin və hərbi qulluqçuların həyata keçirilən bərpa müalicəsinin nəticələri barədə məlumat verib. ÜST nümayəndələri reabilitasiya sahəsində mütəxəssilərin hazırlanması ilə bağlı ADBTİA-ya texniki dəstək göstərəcəklərini bildiriblər.

Görüşdə ÜST ilə ADBTİA arasında reabilitasiya sahəsində gələcək əməkdaşlıq məsələləri geniş müzakirə edilib.

Xəbərlər