Azerbaijan State Academy of Physical Education and Sport

ADBTİA Azərbaycan Gənclər Gününə həsr olunmuş respublika toplantısında təmsil olunub

 

Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısı keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.

Tədbir zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirakçıların simasında olan bütün gəncləri Gənclər Günü münasibətilə təbrik elədi və onlar üçün əsas istiqamət olan təhsilə cox böyük fikir verməyi vurğuladı. Sürətlə inkişaf edən dünyada yeni texnologiyalar o qədər sürətlə qabağa gedir ki, bilik, savad olmadan həyatda öz layiqli yerini tapmaq çox çətindir. Cənab Prezident həmçinin gənclərin istənilən sahədə peşəkar olmaqları və hər zaman biliklərin artırmasının rolundan danışdı. Bundan başqa Azərbaycan gənclərinin  milli ruhda tərbiyə almaqları, gələcəkdə dövlət maraqlarını, xalqımızın milli maraqlarını layiqincə qoruya bilməklərini əsas amillər kimi hər bir gənc üçün çox vacib olduğunu söylədi.

Qürürverici məqamlardan biri odur ki, Azərbaycanın böyük tələbə ordusu adından tədbirdə Akademiyamızın 4-cü kurs tələbəsi Ülkər Əsədova təmsil etdi. Ülkər öz çıxışında müasir tələbələrin həyat tərzi, arzuları və müstəqil dövlətimiz tərəfindən gənclər üçün yaradılan imkanların tam şəkildə istifadə olaraq gələcəkdə öz bəhrəsini verəbiləcək arzulardan danışdı.

Ülkər Əsədovanın tam nitqini Xəbərlər portalımızda təqdim edirik

Hörmətli cənab Prezident,

Əziz tədbir iştirakçıları,

Bu gün burada Azərbaycanın böyük tələbə ordusu adından çıxış etmək mənim üçün  çox böyük məsuliyyət və şərəfdir.

Mənim adım Ülkər Əsədovadır, mən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 4-cü kurs tələbəsiyəm. Bir çox yuxarı kurs tələbələri kimi, mən də artıq magistratura imtahanlarına hazırlaşmağa başlamışam.

Mən magistr diplomunu diplom üçün deyil, bilik və bacarıq üçün almaq istəyirəm. Və inanıram ki, belə də olacaqdır. Mən istəyirəm ki, aldığım təhsil sayəsində ölkəmin inkişafına töhfə verim və məmin o inkişafda payım olsun.

Yəqin ki, burada əyləşən hər bir kəs Antuan de Sent-Ekzüperinin “Balaca Şahzadə” əsərini xatırlayır. Orada Balaca Şahzadə qeyd edir ki, “Böyüklər rəqəmləri çox sevirlər. Onlara deyəndə ki, özünə təzə dost tapmısan, heç vaxt soruşmazlar ki, onun səsi necədir? o hansı oyunları sevir? o kəpənəkləri xoşlayırmı? Bu suallar əvəzinə soruşacaqlar ki, onun neçə yaşı var? neçə bacı-qardaşdırlar?”.

Biz, tələbələr üçün isə ən vacib olan rəqəmlər deyil, tələbəlik illərində qazandığımız biliklər, dostluqlar, xatirələrdir.

Biz öyrəşmişik hər səhər dərsə qaçmağa, axşamlar sosial şəbəkələrdə günün hesabatı formatında statuslar yazmağa, gecələr kollokvium və imtahanlara hazırlaşmağa. Yadımdadır ki, hər gecikdiyimdə auditoriyanın qapısında arzu edirdim ki, müəllim hələ də auditoriyada olmasın – bəzən dualarım qəbul olunurdu, bəzən isə yox. Hələ təqaüdlər köçürüləndə və hamı bu xəbəri bir-birinə sevinclə ötürəndə biz əsl bayram ab-havasını yaşayırdıq. Bu kimi xatirələr çoxdur və onların sayəsində tələbəlik illərim mənim üçün ən parlaq və yadda qalan illər olacaqdır. Bu, əlbəttə ki, tələbəlik şıltaqlığının bir hissəsidir. Dövlət bizim üçün dünya standartlarında auditoriyalar, məşq zalları, yeni kitabxana və laboratoriyalar açmışdı. 4 il əvvəl mənə yad olan insanlar bu gün mənim ən yaxın və ən doğma dostlarıma çevriliblər və biz bir-birimizdən ayrılmaq istəmirik. Biz artıq bir ailəyik.

Tələbələr istənilən ölkənin aparıcı qüvvəsidir. Ölkənin inkişafı, onun uğurları və nailiyyətləri birbaşa tələbələrin nə qədər sağlam, savadlı, xoşbəxt və uğurlu olmasından asılıdır. Və biz, Azərbaycan tələbələri, əlimizdən gələni edəcəyik ki, uğur qazanaq ki, ölkəmiz uğur qazansın, xoşbəxt olaq ki, ölkəmiz xoşbəxt olsun!

Biz çalışacağıq ki, müstəqil dövlətimizdə yaradılan bütün imkanlardan tam şəkildə istifadə edək və növbəti dəfə, cənab Prezident, siz Sofiya ilə deyil, Azərbaycanlı mühəndis tələbələri tərəfindən yaradılmış robotla danışasız; biz çalışacağıq ki, Nobel mükafatçıları arasında gənc Azərbaycanlı alimlər olsun – niyə də olmasın, bizim tərəfdaşlıq etdiyimiz Universitet (yu-si-el) dünyaya 29 Nobel laureatı bəxş edib; biz çalışacağıq ki, Azərbaycanlı tələbə Harvard və Oxford tələbəsi kimi bir brendə çevrilsin; biz çalışacağıq ki, ölkəmiz xoşbəxtlik reytinqlərində ən ön yerləri tutsun!

Ola bilsin ki, dediklərim bir az qeyri-real səslənir. Amma mən, adi tələbə Ülkər Əsədova, bu gün ölkə başçısı qarşısında çıxış edə bilirəmsə, deməli, bu dünyada hər şey mümkündür və hər bir arzu həyata keçə bilər!

Əziz gənclər, əziz tələbələr,

Biz Azərbaycan kimi keçmişi zəngin, gələcəyi isə parlaq bir ölkədə yaşadığımız və təhsil aldığımız üçün çox şanslıyıq! Bizim müstəqil, təhlükəsiz, güclü və insanları üçün hər şərait yaradan Vətənimiz vardır! Azərbaycan tələbələri beynəlxalq əmək bazarında rəqabət gücünə malikdirlər. Bu gücü biz – tələbələr – ilk növbədə ölkəmizin inkişafına sərf etməliyik, çünki bizim hər addımımızda dövlət bizə dəstək olmağa hazırdır və dəstək olur da!

Hörmətli cənab Prezident,

Bu cür imkanları bizlərə yaratdığınız üçün Sizə bütün Azərbaycan tələbələri adından öz təşəkkürümü bildirirəm! Siz bizim üçün ən böyük nümunəsiz, ən böyük örnəksiz!

Biz sizi çox istəyirik! Uca Tanrı Sizi və ailənizi qorusun!

 

News and Events