Əhməddin Rəcəblinin 80 illik yubileyi qeyd edilib
Avqustun 8-də Azərbaycan İdman Akademiyasında (ASA) “Əməkdar məşqçi”, “Əməkdar bədən tərbiyəsi və idman xadimi” Əhməddin Rəcəblinin 80 illik yubileyi münasibətilə tədbir keçirilib.
Yubiley mərasimində çıxış edən gənclər və idman naziri Fərid Qayıbov Ə.Rəcəblinin Azərbaycan idmanının inkişafındakı xidmətlərini və gənc nəslin formalaşmasında rolunu yüksək qiymətləndirib, ona uzun ömür və cansağlığı arzulayıb.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti, ASA rektorunun müşaviri Fərid Mansurov Akademiyanın rektoru Fuad Hacıyevin təbrikini çatdıraraq, Ə.Rəcəblinin cüdo və paracüdo tarixində mühüm iz qoyduğunu qeyd edib.
Digər çıxış edənlər “Şöhrət” ordenli veteran məşqçinin sağlam həyat tərzinin təbliğinə verdiyi töhfələrə və insani keyfiyyətlərinə diqqət çəkiblər.
Sonda Əhməddin Rəcəbliyə orden, diplom, təşəkkürnamə və xatirə hədiyyələri təqdim olunub.