“Dayanıqlı inkişafa bir addım” adlı beynəlxalq yay düşərgəsi keçirilir
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan İdman Akademiyasının (ASA) birgə təşkilatçılığı ilə keçirilən “Dayanıqlı inkişafa bir addım” adlı beynəlxalq yay düşərgəsi davam edir.
Avqustun 4-də Topçubaşov Mərkəzinin tədqiqatçısı Simona Scotti “SDG-lər diqqət mərkəzində: onilliyin təhlili” adlı təqdimatında davamlılıqla bağlı qlobal trendləri, statistik göstəriciləri təhlil edib. Bakı Dövlət Universitetinin rektorunun Keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov “Dayanıqlı inkişaf məqsədlərinin ali təhsilə və beynəlxalq reytinqlərə təsiri” mövzusunda çıxış edərək mövcud regional və beynəlxalq təcrübələri iştirakçılarla bölüşüb.
Avqustun 5-də proqramın əsas mövzusu fiziki və psixoloji rifah, idman və sosial institutlarda bədən tərbiyəsinin rolu olub. ASA-nın Tədris işləri üzrə prorektorunun müşaviri Zərifə Kamilova “Sağlam seçimlər: idman və fiziki aktivliyin rifaha təsiri” mövzusunda mühazirə ilə çıxış edərək balanslı həyat tərzi vərdişlərinin təşviqinə yönəlmiş nümunələr təqdim edib.
Qubada keçirilən “Dayanıqlı inkişafa bir addım” yay düşərgəsi türkdilli ölkələrin gəncləri üçün akademik, sosial və mədəni inteqrasiya platforması rolunu oynayır.