“Dayanıqlı inkişafa bir addım” adlı beynəlxalq yay düşərgəsi başa çatıb
3-9 avqust tarixlərində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan İdman Akademiyasının (ASA) birgə təşkilatçılığı ilə Quba Olimpiya İdman Kompleksində təşkil olunan “Dayanıqlı inkişafa bir addım” adlı beynəlxalq yay düşərgəsi başa çatıb.
Sözügedən düşərgənin bağlanış mərasimində Quba–Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Qumru Məmmədova, Quba Rayon İcra Hakimiyyətinin nümayəndəsi Arif Nəbiyev, ASA-nın Beynəlxalq əməkdaşlıq və layihələrlə iş şöbəsinin müdiri Cəmilə İsmayılzadə və iştirakçı digər ölkələrin universitetlərinin koordinatorları çıxış edərək düşərgənin əhəmiyyətindən danışıblar.
Düşərgədə Türkiyə, Qazaxıstan, Qırğızıstan və Azərbaycandan olan gənclər dayanıqlı inkişaf məqsədləri, sağlam həyat tərzi, gender bərabərliyi, idman və rifah, eləcə də qlobal çağırışlara cavab mövzularında mühazirələr, təlimlər, qrup işləri və diskussiyalarda iştirak ediblər.
Proqram çərçivəsində mədəni axşamlar, komandalararası idman yarışları və Quba regionunun tarixi-mədəni məkanlarına ekskursiyalar da təşkil olunub. İştirakçılar öz ölkələrinin milli mədəniyyətlərini təqdim edərək türkdilli ölkələr arasında dostluq və əməkdaşlıq körpüsünü möhkəmləndiriblər.
Sonda düşərgə iştirakçılarına sertifikatlar təqdim olunub.