Azerbaijan State Academy of Physical Education and Sport

Azərbaycan İdman Akademiyasının tələbələri Çexiyada təcrübə proqramında iştirak edirlər

İyunun 22-də Azərbaycan İdman Akademiyasının “Bədən tərbiyəsi və idmanda reabilitasiya” ixtisası üzrə təhsil alan tələbələri Beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəmilə İsmayılzadə və Pedaqoji və istehsalat təcrübəsi şöbəsinin müdiri Günay Fərzəliyeva-Qulusoyun rəhbərliyi ilə Çexiyanın paytaxtı Praqada keçiriləcək təcrübə proqramında iştirak etmək üçün səfərə yollanıblar.

Proqramın ilk günündə Karlov Universitetinin Fizioterapiya kafedrasının müdiri Tereza Novakova Akademiyanın nümayəndələri və tələbələri üçün kampus turu təşkil edərək onları dərs otaqları və avadanlıqlarla tanış edib. Tələbələr həmçinin kafedranın müəllimi Helena Vomackova ilə birgə praktiki dərslərə başlayıblar və dərslərdə fəal iştirak edirlər.

Təcrübə proqramı Akademiya ilə Çexiyanın Karlov Universiteti arasında imzalanmış müqavilə əsasında təşkil olunur. Müqaviləyə əsasən, “Bədən tərbiyəsi və idmanda reabilitasiya” ixtisasının sonuncu tədris ili tələbələrinin Praqa şəhərində bir həftəlik istehsalat təcrübəsi keçməsi nəzərdə tutulub. Səfər müddətində tələbələrimiz həm universitet daxilində, həm də şəhər kənarında yerləşən klinikalarda praktiki dərslərdə iştirak edəcəklər.

Qeyd edək ki, təcrübə proqramının sonunda tələbələrimizə sertifikatlar təqdim olunacaq.

News and Events