ASA tələbələri “Zəhra” Klinikasında yay təcrübə proqramında iştirak edirlər
Azərbaycan İdman Akademiyasının “Bədən tərbiyəsi və idmanda reabilitasiya” ixtisası üzrə III və IV tədris ilinin tələbələri “Zəhra” Klinikası ilə əməkdaşlıq çərçivəsində yay təcrübə proqramında iştirak edirlər.
Sözügedən proqramın məqsədi tələbələrin nəzəri biliklərinin klinik mühitdə tətbiqinə şərait yaratmaq, həmçinin onların praktiki bacarıqlarını inkişaf etdirməkdir. Dörd həftə davam edən proqram 21 iyul – 15 avqust tarixlərini əhatə edir. Təcrübə müddətində tələbələr onlara təyin olunmuş təcrübə rəhbərlərinin nəzarəti altında klinikanın xidmətləri ilə tanış olur, müasir tibbi avadanlıqlar haqqında məlumat toplayır, pasiyentlərin ilkin diaqnostika və müalicə proseslərində iştirak edirlər. Proqram çərçivəsində tələbələr zərbə dalğa terapiyası, lazerterapiya, TENS və TECAR terapiya, quru iynələmə və akupunktura kimi prosedurların tətbiqi ilə yaxından tanış olurlar və bu sahədə ilkin bacarıqlar qazanırlar.