Britaniyalı professorun ASAPES-də növbəti tədris prosesi başlayıb
ASAPES-in “İdman tibbi və reabilitasiya” proqramının rəhbəri, Böyük Britaniyanın UCL Universitetinin İdman Tibbi İnstitutunun aparıcı eksperti, Böyük Britaniyanın Kral Tibb Cəmiyyətinin İdman Tibbi bölməsinin vitse-prezidenti, İdman tibbi üzrə Avropa kurikulumunun müəllifi, Beynəlxalq Olimpiya Komitəsinin tibbi eksperti Maykl Pol Luzmorun (Michael Paul Loosemore) Bakıya növbəti səfəri başlayıb.
Aprelin 29-da britaniyalı professor tədrisi ingilis dilində aparılan “İdman tibbi və reabilitasiya” magistr proqramının I tədris ili tələbələrinə “Fiziki fəaliyyət və sağlamlıq” fənnini tədris edib. Dərs zamanı professor oturaq həyat tərzinin müxtəlif xəstəliklərin risk faktoru olması, yarana biləcək xəstəliklər və onların qarşısının alınması, müxtəlif xəstəliklər zamanı fiziki hərəkətlərin müalicə vasitəsi kimi istifadə edilməsi və digər mövzular haqqında danışaraq tələbələrin suallarını cavablandırıb.