Azerbaijan State Academy of Physical Education and Sport

Koventri Universiteti ilə ikili diplom proqramının məzununa diplom təqdim edilib

Sentyabrın 29-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) konfrans zalında tədrisi ingilis dilində aparılan “İdman menecmenti” magistr proqramının məzununa diplomun təqdim edilməsi mərasimi keçirilib.

Proqramın məzunu Elvin Məmmədov ikili diplom proqramı çərçivəsində Böyük Britaniyanın Koventri Universitetində təhsilini davam etdirib və hər iki ali təhsil ocağının diplomunu alıb.

Tədbirdə ASAPES-in rektoru Fuad Hacıyev və akademik heyət, həmçinin “İdman menecmenti və kommunikasiya” bakalavr ixtisasının 4-cü tədris ili üzrə təhsil alan ASAPES SABAH tələbələri iştirak ediblər.

Rektor Fuad Hacıyev çıxışında bildirib ki, ikili diplom təqdimatı ASAPES-in inkişaf istiqamətində gördüyü işlərin məntiqi nəticəsidir. Magistrantlarımızın xaricdə təhsil alması perspektivli və istedadlı gənclərin üzə çıxarılması, həmçinin ölkəmizdə idman əmək bazarı üçün peşəkar kadrların yetişdirilməsi deməkdir.

Qeyd edək ki, ASAPES-in Koventri Universiteti ilə əməkdaşlığı bu ali təhsil ocağının “İdman menecmenti” magistr proqramının standartını tanıması və müvafiq fənlərin kreditlərini qəbul etməsi nəticəsində mümkün olub. Adı çəkilən təhsil standartı Tübingen Universitetinin professoru, Avropa İdman İqtisadçıları Assosiasiyasının təsisçisi, ASAPES-in beynəlxalq məsləhətçisi Tim Pavlovski tərəfindən dünya və Avropa standartlarına uyğun olaraq 2020-ci ildə yenidən tərtib edilib.

#ASAPES #İdmanAkademiyası #SportManagement #MASM #İdmanmenecmenti #Menecment #Coventry #CU

News and Events