Azerbaijan State Academy of Physical Education and Sport

Traditions

Son illərdə Akademiyada bir sıra yeni ənənələrin əsası qoyulmuşdur. Onlardan biri Akademiyaya qəbul olan birinci kurs tələbələri üçün “Tanışlıq həftəsi”nin keçirilməsidir. “Tanışlıq həftəsi” çərçivəsində tələbələrə Akademiyanın tədris sistemi və qiymətləndirmə mexanizmləri, nizam-intizam qaydaları, infrastrukturu haqqında ətraflı məlumat verilir, tələbələr və onların valideynlərində yaranan bütün suallar cavablandırılır. Sevindirici haldır ki, bu layihənin həyata keçirilməsində yuxarı kurs tələbələri fəal iştirak edir, yeni tələbə yoldaşlarına həvəslə öz məsləhətlərini verirlər, öz bilik və təcrübələri ilə paylaşırlar.

İlk dəfə “Tanışlıq həftəsi” 2016-cı ildə keçirilmişdir. Bu illər ərzində “Tanışlıq həftəsi”ndə 3000 nəfərdən çox tələbəyə Akademiyadakı tədris və imkanlar haqqında tam məlumat verilib.

Tələbələrdə dərslərə maraq yaratmaq, onlarda sağlam rəqabət hissini formalaşdırmaq üçün Akademiyanın imza atdığı digər ilk isə “Ayın ən yaxşı qrupu” müsabiqəsi olmuşdur. Bu müsabiqədə Akademiyada əyani təhsil alan bütün qrup və tələbələr iştirak edirlər. Hər ayın sonunda 5 meyar üzrə (qrupun dərslərə davamiyyəti, qrupun kollokviumlar üzrə ortalama balı, qrup üzvlərinin kitabxanadan istifadəsi, tələbələrin Akademiyanın sosial həyatında iştirakı və idman nailiyyətləri) bütün qrupların göstəriciləri hesablanaraq ayın, sonra isə semestrin və ilin qalibləri müəyyən olunur və mükafatlandırılırlar.

2016-cı ildən başlayaraq mütəmadi şəkildə ADBTİA-da tələbələrin həm idmanda, həm ictimai həyatda yüksək nailiyyətlər əldə etmiş idmançılarla “Zirvə görüşləri” keçirilir. 2018-ci ildən başlayaraq isə incəsənət xadimləri ilə “Akademiyanın dostu” adı altında silsilə görüşlərə start verilmişdir.

Görüşlər qeyri-rəsmi formatda təşkil olunur. Görüşlərin əsas məqsədi tələbələrdə düzgün motivasiyanı yaratmaq, yeni nailiyyətlərə şövq etməkdir.