Azerbaijan State Academy of Physical Education and Sport

MGİMO-nun tələbələri üçün ASAPES-də səyyar modul təşkil olunub

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ASAPES) və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MGİMO) arasında imzalanmış qarşılıqlı əməkdaşlıq haqqında Memorandum çərçivəsində mayın 27-də Rusiya nümayəndə heyətinin Bakıya səfəri başlayıb.

MGİMO-nun dünya idmanı proqramının dinləyicilərindən ibarət olan, ASAPES bazasında təşkil edilən və Rusiya idman federasiyalarının rəhbər şəxslərinin yenidən hazırlığını nəzərdə tutan modulun 3-cü hissəsi “Dünya idmanı: nizamlanma, mövqe və kommunikasiya” mövzusundadır və “Rusiya Olimpiyaçılarına Dəstək Fondu” tərəfindən maliyyələşdirilir.

Proqram çərçivəsində mayın 27-dən 31-dək Avropa İdman Menecmenti Assosiasiyasının prezidenti, Böyük Britaniyanın Brunel Universitetinin professoru Vassil Qirqinov, Koventri Universitetinin professoru Amanda Pinkney, “RESULT Sports” şirkətinin baş direktoru Mario Leo və Rusiya Beynəlxalq Olimpiya Universitetinin elmi işlər üzrə prorektoru Nikolay Peşin kimi beynəlxalq dərəcəli mütəxəssislərin iştirakı ilə Bakıda 3 modulun keçirilməsi nəzərdə tutulur.

Səfər zamanı rusiyalı qonaqlar Azərbaycan Atıcılıq Federasiyası və Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının qonağı olmaqla yanaşı, Su İdmanı Sarayına baxış keçirəcəklər. Bundan başqa, onlar mayın 29-dan iyunun 4-nə kimi Bakıda keçiriləcək və dünya taekvondosunun 50 illiyinə həsr ediləcək dünya çempionatının açılış mərasimini də izləyəcəklər.

Səfər proqramında rusiyalı qonaqların müasir Bakının simvollarından biri Heydər Əliyev Mərkəzini ziyarəti və YUNESKO-nun Dünya İrsi Siyahısına daxil edilən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiyası da nəzərdə tutulur.

#ASAPES #İdmanAkademiyası #MGİMO

News and Events