Azerbaijan State Academy of Physical Education and Sport

Bakıda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş III Dünya Gənclər Tələbə Konqresi keçirilib

Mayın 19-da Bakıda Türkiyə Respublikasının Daxili İşlər Nazirliyinin tabeliyində və Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyət dairəsində olan İqtisadi İnkişaf və Sosial Tədqiqat İnstitutunun (İKSAD) və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) dəstəyi, İdman menecmenti və kommunikasiya kafedrasının təşkilatçılığı ilə III Dünya Gənclər Tələbə Konqresi (WORLD YOUTH STUDİES CONGRESS - III) adlı onlayn və oflayn beynəlxalq konfransı keçirilib. Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirə 10-dan çox ölkədən göndərilmiş toplu məqalə və tezislər qəbul edilib. Konfransın proqramlarının hazırlanması və məqalələrin çap edilməsi, müəlliflərlə əlaqə isə ASAPES və İKSAD-ın Təşkilat Komitəsi tərəfindən həyata keçirilib.

ASAPES-in Elmi işlər, beynəlxalq əlaqələr və keyfiyyət siyasəti üzrə prorektoru dosent Təhminə Tağı-zadə konfransı açıq elan edərək tədbirin əhəmiyyəti və aktuallığı barədə geniş məlumat verib. ASAPES-in İdman menecmenti və kommunikasiya kafedrasının müdiri m.e.d., dosent Nailə Kələntərlinin moderatorluğu ilə keçirilən III Dünya Gənclər Tələbə Konqresində İKSAD-ın prezidenti doktor Mustafa Lətif Əmək tədbirə dəvətə görə ASAPES rəhbərliyinə təşəkkürünü bildirib. 2 qardaş ölkənin iqtisadi və siyasi əlaqələrindən danışan qonaq gələcəkdə bu cür konfransların daha geniş tərkibdə keçiriləcəyinə inandığını söyləyib.

Konfransa dəvət olunan qonaqlardan Azərbaycan Turizm və Menecment Universitetinin Biznes idarəçiliyi fakültəsinin dekanı dosent Vüqar Nəzərov, İqtisadiyyat kafedrasının müdiri dosent Səkinə Hacıyeva və digərləri çıxış edərək Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafından, dövlət başçısı cənab İlham Əliyevin idmana və idmançılara olan diqqət və qayğısından, ölkəmizdə idman dəyərlərinə olan xüsusi münasibətdən danışıblar. Eyni zamanda vurğulanıb ki, Azərbaycanın nüfuzlu idman yarışlarına, beynəlxalq tədbir və konfranslara ev sahibliyi etməsi, yüksək səviyyəli təşkilatçılıq qabiliyyəti ona dünyada böyük nüfuz qazandırıb və proses bu gün də uğurla davam etdirilir. Natiqlər bu cür konfransların beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında mühüm rol oynadığını da xüsusi qeyd ediblər.

Panel müzakirələrdə konfransın əsas məqsədi ixtisaslaşmış və fənlərarası sahələrin bütün aspektləri haqqında məlumat mübadiləsi aparmaq, təcrübə və tədqiqat nəticələrini bölüşmək üçün akademiya, tədqiqatçı və alimləri bir araya gətirmək idi. Müzakirə edilən məsələlərdən biri də şəbəkə qurmaqla fikirlərini bölüşmək və araşdırmaları dünya ictimaiyyətinə təqdim etmək olub. Bunun üçün ən son texnoloji yeniliklərdən istifadə, bu sahədə rast gəlinən praktiki problemlərin həlli kimi məsələlər də müzakirə edilib.

Konfransda müxtəlif ölkələrdən gələn nümayəndələrin panellər üzrə məruzələri dinlənilib və fikir mübadilələri aparılıb, səsləndirilən maraqlı fikirlərin və təkliflərin toplu şəkildə çap olunmasına qərar verilib.

Konfrans iştirakçılara sertifikatların təqdim edilməsi və xatirə şəklinin çəkilməsi ilə yekunlaşdı. Məlumat üçün bildirək ki, dünya universitetləri, təşkilatlar və elmi qurumlar tərəfindən dəstəklənən İKSAD Konqresləri çoxmillətli tədqiqatçılar icmasını ümumi təcrübə və müzakirələri bölüşməyə təşviq edən təşkilatlardan biridir.

#ASAPES #İdmanAkademiyası

News and Events