Klublar
Tələbələrlə iş sahəsində onların asudə vaxtının təşkili, onlarla səmimi və effektiv kommunikasiyanın qurulması xüsusi rol oynayır. Tələbələrin əlavə bilik və bacarıqlarının əldə etməsi, dünya görüşlərinin artırılması, müəyyən təcrübə toplaması və daha effektiv şəkildə şəbəkələşməsi məqsədilə tətbiq olunan qeyri-formal təhsil metodları arasında müxtəlif təlimlər, seminarlar, yarışlar və müsabiqələr göstərilə bilər.
2016-cı ildən başlayaraq Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında tələbə həyatına, tələbələrlə işin qurulmasına və tələbələrin asudə vaxtının səmərəli təşkilinə böyük önəm verildi, bir sıra layihələrə start verildi, eyni marağa və istedada malik olan gənclərin bir araya gəlməsi üçün tələbə klubları yaradıldı.
Hal-hazırda Akademiyada tələbələrin maraqlarına uyğun 12 klub fəaliyyət göstərir. Bunlar aşağıdakı kimidir:
- idman klubu – tələbələr arasında müxtəlif idman növləri üzrə yarışlar təşkil olunur;
- danışıq klubu – ingilis dilini öyrənmək istəyən tələbələr üçün conversation club;
- musiqi klubu – ödənişsiz gitara dərsləri təşkil olunur;
- kitab klubu – tələbələr arasında kitablara marağın artırılmasına xidmət edir;
- ŞHK (KVN) klubu – ŞHK (KVN) üzrə Akademiyanın komandası formalaşdırılıb, komanda ölkədə keçirilən müxtəlif yumor müsabiqələrində iştirak edir;
- rəqs klubu – ödənişsiz rəqs dərsləri təşkil olunur;
- foto klubu – tələbələrin fotoqrafiya bacarıqlarını artırmaq üçün müxtəlif təcrübə sessiyaları təşkil olunur;
- dizayn klubu – tələbələrin keçirdiyi tədbirlər üçün dizayn məhsulları hazırlanır, daha peşəkar olan tələbələr yeni başlayan dizayn həvəskarlarına ödənişsiz əsaslarla təlimlər keçirlər;
- debat klubu – tələbələrin müxtəlif debat turnir və təlimlərində iştirakı təmin olunur;
- gənclik klubu – FAIREX ilə əməkdaşlıq çərçivəsində Heydər Əliyev zirvəsinə və digər rayonlara səfərlər təşkil olunur;
- İntellektual klub – tələbələrin idman yarışlarında iştirakını təmin edir;
- Könüllülər klubu – Akademiyanın idman komandalarına çıxışları zamanı dəstək verir, idman federasiyaları və idman tədbirlərinin təşkilat komitələri ilə əməkdaşlıq edirlər.
İdman klubu ən çox maraq doğuran və ən çox nailiyyəti olan tələbə klublarındandır. Qələbələr davamlı oldu, belə ki, Akademiyanın futzal komandası Azərbaycan Futzal Federasiyasının təşkilatçılığı ilə keçirilən Futzal üzrə Birinci Liqanın 2018/2019 mövsümündə gümüş mükafatçı, 2019-cu ildə Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunmuş ali və orta ixtisas müəssisələri arasında təşkil olunmuş Tələbə Liqasının Çempionu, Azərbaycan Futzal Federasiyasının təşkilatçılığı ilə keçirilən Covid-19 pandemiyası səbəbindən yarım qalan Futzal üzrə Birinci Liqanın 2019/2020 mövsümündə isə bir daha gümüş mükafatçı oldu.
Azərbaycan Respublikasının və ABŞ-ın Azərbaycan Respublikasındakı səfirliyinin əməkdaşlığı çərçivəsində ABŞ vətəndaşı Teylor Rassel könüllü əsaslarla Akademiyanın tələbələri üçün danışıq klubu çərçivəsində ingilis dilini tədris edir, gəncləri Amerika mədəniyyəti ilə tanış edir, onların köməyi ilə Azərbaycan mədəniyyətini öyrənir.
2017-ci ildə Akademiyada “FizAka” ŞHK (KVN) komandası yaradılmışdır. Komanda daxilində tələbələr həm redaktura, həm xoreoqrafiya, həm aktyorluq işlərini görür, təcrübə qazanır, tələbə yoldaşları və müəllim heyəti üçün konsert proqramları keçirirdilər. Görülən bütün işlərin nəticəsində 2019-cu ildə ilk dəfə olaraq Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası Azərbaycan KVN Teleliqasının çempionu olmuşdur.
Rəqs klubu tələbələrin arasında ən sevilən klublardandır. Klub fəaliyyəti çərçivəsində tələbələr həm peşəkar məşqlər keçir, həm də Akademiyanı müxtəlif yaradıcılıq müsabiqələrində layiqincə təmsil edirlər.
Foto klubu çərçivəsində fotoqrafiya sənəti üzrə təlimlər keçirilir.
Dizayn klubuna qoşulan tələbələr dizayn sahəsində öz bacarıqlarını inkişaf etdirir, müxtəlif posterlər hazırlayırlar.
İntellektual klubun tələbələri daima “Nə? Harada? Nə zaman?” yarışlarında, “Breyn-rinq”, “Xəmsə” və digər formatda keçirilən müsabiqələrdə iştirak edir, müəyyən uğurlar qazanırlar. Belə ki, 2019-cu ilin noyabr ayında keçirilən “Heydər Əliyev və Azərbaycan tarixi” VI Ümumrespublika bilik yarışında ADBTİA komandası 50-ə yaxın yarışan komandalar arasında 8-ci yerə layiq görülmüşdür.
Könüllülər klubu çərçivəsində həm də Milli Olimpiya və Paralampiya Komitələri, idman federasiyaları, İslam Oyunlarının Əməliyyat Komitəsi, gənclər təşkilatları, televiziya kanalları və digər qurumlarla əməkdaşlığa böyük önəm verilir. Tələbələr Azərbaycanda keçirilən bütün idman yarışlarında könüllü olaraq yaxından iştirak edirlər, öz töhvələrini verməyə çalışırlar.