Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

“Üçsəviyyəli ComplexCore+” təlimi keçirilib

7-8 Dekabr tarixləri Azərbaycan İdman Akademiyasında bədən tərbiyəsi və idman, fizioterapiya və reabilitasiya sahələrində çalışan şəxslər, eləcə də “Bədən tərbiyəsi və idmanda reabilitasiya” ixtisası üzrə təhsil alan tələbələr üçün “Üçsəviyyəli ComplexCore+” təlimi təşkil olunub. 

Təlim Avstriyanın “ComplexCore+” təşkilatının icraçı direktoru Roman Yahoda tərəfindən aparılıb.

Proqram təlim və terapiyaya hərtərəfli yanaşma, məqsədyönlü məşq formaları, fiziki müayinə və planlaşdırma kimi bir sıra mövzuları əhatə edib. Belə ki, təlim qamət, yuxarı və aşağı ətraflar olmaqla üçsəviyyədə keçirilib. 

Bununla yanaşı, təlim çərçivəsində iştirakçılar “ComplexCore+” konsepsiyası ilə tanış olub, funksional anatomiya və əzələ sistemləri üzrə təməl biliklər, reabilitasiya, zədələnmənin profilaktikası, idman göstəricilərinin yaxşılaşdırılması, qamətin, yuxarı və aşağı ətrafların mobilizasiyası, çevikliyi və stabilliyi üçün metodik addımlara uyğun olaraq fiziki hərəkətlər üzrə praktiki biliklər də əldə ediblər.

Həmçinin 9-13 dekabr tarixlərində Azərbaycan İdman Akademiyasının bakalavriat səviyyəsinin tələbələri üçün təhsil proqramına uyğun seçilmiş mövzularda silsilə seminarlar da keçirilib. 

Roman Yahoda bildirib ki, belə təlimlərin təşkili bədən tərbiyəsi və idmanda realibitasiya sahəsində mütəxəssislərin inkişafına böyük töhfə verir: “Təlimlər həm nəzəri, həm də praktiki biliklərin təkminləşdirilməsinə yönəlib. Azərbaycan İdman Akademiyasına “ComplexCore+” təlimlərinin yüksək səviyyəli təşkilinə görə xüsusi təşəkkkürümü bildirirəm. Biz də “ComplexCore+” təşkilatı olaraq bədən tərbiyəsi və idmanda reabilitasiya istiqamətində təcrübələrin paylaşılmasını və bu sahədə yeni yanaşmaların tətbiqini dəstəkləyirik”. 

Qeyd edək ki, “Üçsəviyyəli ComplexCore+” təlimi məşq və fiziki terapiya hərəkətlər kompleksinin seçilməsi və tətbiqini özündə ehtiva edir. Təlim qısa nəzəri və geniş təcrübi olmaqla iki hissədən ibarətdir. İştirakçılara təcrübi hissədə 3000 müxtəlif fiziki hərəkət təqdim edilir. Proqram idmançılar, məşqçilər, fiziki tərbiyə müəllimləri, həkimlər, fizioterapevtlər və reabilitasiya üzrə mütəxəssislər üçün nəzərdə tutulub.

Xəbərlər