Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Şamil Əbdürəhmanov - 75

Əbdürəhmanov Şamil Hətəm oğlu 2 may 1950-ci ildə Mingəçevir şəhərində anadan olub. 1967-ci ildə Mingəçevir şəhər 1№-li orta məktəbi bitirib. 1968-1970-ci illərdə Rusiyanın Çita vilayətində hərbi qulluqda olub. O,1972-ci ildə ADBTİ-na (İndiki Azərbaycan İdman Akademiyası) daxil olub 1976-cı ildə həmin institutu bitirib, təyinatla üzgüçülük və onun metodikası kafedrasına baş laborant vəzifəsinə  təyin olunub. Həmin ildən 1997-ci ilədək Azərbaycan İdman Akademiyasında müəllim, baş müəllim, 1997-ci ildən 2016-cı ilədək üzgüçülük və onun metodikası kafedrasının müdiri vəzifəsində çalışıb. O, işlədiyi müddətdə bütün fəaliyyətini yüksək dərəcəli ixtisasçıların hazırlanmasına yönəltmişdir. Pedaqoji fəaliyyətlə yanaşı o ictimai işlərlə də məşğul olub. Belə ki, fakültə komsomol komitəsinin sədri, fakültə partiya komitəsinin sədr müavini, DOCCAF sədri kimi vəzifələri icra etmişdir. Onun idman fəaliyyəti dövründə Azərbaycanda su idmanı növlərinin inkişafında əməyi olmuşdur. Belə ki, Avarçəkmə idman növü üzrə yığma komandanın məşqçilər qrupunda elmi – metodiki və praktiki köməklik göstərib. Məşqçilər qrupunda işlədiyi dövrdə yığma komanda sıralarında dünya birinciliyinin gümüş mükafatçıları (beynəlxalq dərəcəli İdman Ustası Kryuçkin Qennadi, Pereverzev Viktor) və SSRİ çempionatının bürünc mükafatçıları (İdman Ustası Nemtsov Aleksandr, Nemtsov Mixail) kimi yüksək dərəcəli idmançılar yetişmişdir. Bundan əlavə onun idman və elm sahəsində də əhəmiyyətli nailiyyətləri olub. O, 1968-1976-ci illərdə avarçəkmə idman növü üzrə Respublikanın yığma komandasının üzvü və üç dəfə Respublika çempionu olmuşdur. O, işlədiyi müddət ərzində 1976-1988-ci illərdə tələbə inşaat dəstəsində komandir, zona komandiri və komissarı kimi iştirak edib. Onun rəhbərlik etdiyi dəstə müqavilədə göstərilən planı həmişə 100 faiz yerinə yetirmiş və keçici qırmızı bayraqla vətənə qayıtmışlar. Onun tələbə inşaat dəstəsindəki fəaliyyəti SSRİ AliSoveti tərəfindən yüksək qiymətləndirlərək 1976-cı ildə onu SSRİ-nin Əməkdə Fərqlənməyə görə medalı, 1998-ci ildə Respublika dərəcəli hakim, 1998-ci ildə “Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi”, 2009-cu ildə Azərbaycan Respublikasının “Əməkdar Məşqçisi”, 2001-ci ildə Azərbaycan Respublikasının “Əməkdar Müəllimi”, 2010-cu ildə “Tərəqqi” medalı ilə təltif olunmuş, 2014-cü ildə isə pedaqogika üzrə fəlsəfə doktoru və professor adına layiq görülmüşdür.

Bu yaxınlarda gözəl bir xəbər məni sevindirdi.Eşidəndə ki Şamil müəllimin 75 yaşı tamam olur, mən inanmadım. Çünki onda olan həyat eşqi, yaradıcılıq bacarığı, gülərüzlüyü bir çox 60-65 yaşında olanlara örnək ola bilər. 51 illik dostum Şamil Əbdürəhmanov haqqında danışmaq, təəssüratımı bölüşmək mənim üçün həmişə xoşdur. 

Bildiyimiz kimi dostluq və yoldaşlıq yüksək əxlaqi fəaliyyət kimi qiymətləndirilir. “Kəlilə və Dimnə”də deyilir ki, ağıllı adamlar üçün dostluqdan əziz heç bir şey yoxdur. Dostluqda ən böyük hünər sirri saxlamaqdır. Atalar yaxşı deyiblər: şücaətli və güclü pəhləvanlar – vuruşda; əli düz adamlar ticarətdə, dost və qardaşlar – bərk, çətin gündə tanınır.

İmam Sadiq (ə) buyurur: “Yaxşı dost sanki küləkdir ki, Gülüstanda əsir... Əgər dostun yaxşıdırsa, həmin o külək kimidir ki, Gülüstandan keçən zaman onun ətrini götürər. Yaxşı dost səni ətirli edər, amma əksinə, pis dost atəş kimidir və əgər siz o atəşlə təmasda olsanız, o, sizi yandırar”. Məhz mənim həyatımda yaxşı dostlardan biri də Şamil Əbdürəhmanovdur.  

Mən, Şamil müəllimi 1974-cü ildən, yəni İdman Akademiyasına qəbul olduğum və yataqxanada qaldığımız gündən tanıyıram. Elə o vaxtdan da özünün işgüzarlığı, təmkini, səmimiyyəti və hamı ilə ünsiyyət yaradabilmə qabiliyyəti ilə diqqət cəlb edirdi. 

​Şamil müəllimin yaradıcı alim-pedaqoq üçün çox vacib olan keyfiyyətlərlə yanaşı, həm də yüksək idarəetmə, təşkilatçılıq bacarığı vardır. Tale elə gətirib ki, onunla uzun müddət, yəni 51 il bir yerdə - Azərbaycan İdman Akademiyasında işləyirik.

Birgə işlədiyimiz dövrdə onda olan müdriklik və sadəlik, sərtlik və zəriflik, tələbkarlıq və qayğıkeşlik kimi böyük insani keyfiyyətlərin şahidi oldum. 

İşlədiyi təhsil ocağında, idman və geniş ictimaiyyət arasında, dostları, tanışları yanında şəxsiyyəti böyük tərbiyə məktəbinə çevrilən Şamil müəllimin ən ümdə xarakterik cəhətlərindən biri və bəlkə də birincisi onun təvazökarlığı və ürək genişliyidir. 

El arasında bir misal var: “Ağac bar gətirəndə başını aşağı əyər”. Bu deyimin böyük mənası var. Şamil müəllimdəki xüsusiyyətlər onun insanlara qarşı mehribanlığı, onları başa düşməyi, dərdlərinə şərik olmasıdır. 

 ​Sokrata sual verirlər ki: Əziz müəllim, Siz insanlara nə üçün başqa cür, digərlərindən fərqli sürətdə baxırsınız? Cavab verir ki: “Mən sadə, adi, olduqca sadəlövh insanam. Mənə insanları hissələrə parçalamaq yox, birləşdirmək, düzüb qoşmaq xoşdur. Heykəltaraşlar onlarca kişini və qadını seçir və onlardan heykəllərində istifadə edirlər. Mən də canlı insanla, onun fikirləri, hissləri ilə belə davranmağı, hər bir insandan ən cüzi yaxşını, müsbəti seçməyi arzu edirəm. Dünyanı, onun ən qüdrətli canlısı olan insanı qara rəngdə görmək lazım deyil”. Şamil müəllimi yaxından tanıyanlar, onun daxili dünyasına baş vurmaq cəhdi edənlər, bu fikir və düşüncə adamının nə əldə edibsə zəhmətinin və səbrinin hesabına etdiyini görəcəklər.

Şamil Əbdürəhmanov istedadlı alimdir. Məhz onun bir neçə kitabı, elmi araşdırmaları ilə tanışam. Alim əsərlərində bədən tərbiyəsi və idmanın, su idman növlərinin tarixini yaradır, ənənələrin, adətlərin idman və bədən tərbiyəsi ilə qovuşma məqamlarını incələyir. Şamil Əbdürəhmanovun bu əsərləri elmi prizmadan qələmə alınsa da onlarda yetkin bir publisistin dəsti-xətti açıq-aydın görünür. Düz deyirlər ki, yüz faizli nəticə üçün iyirmi faiz istedad, səksən faiz zəhmətkeşlik yetər. Şamil müəllim yorulub usanmadan araşdırmalarını davam etdirməklə zəhməti, maraqlı düşüncələri ortaya qoymaqla istedadın parlaq töhfələrini yaradan bir elm fədaisidir.

Şamil müəllim ömrünün ahıllıq zirvəsindədir. Bu zirvəyə yüksələn hər kəs həyatı boyu əldə etdiyi nailiyyətlərə, qazandığı uğurlara görə məmnun olmaqla yanaşı, həm də ötən illərin xatirəsi ilə bağlı bir nostalji duyğu, incə bir təəssüf hissi keçirir. Amma mənə elə gəlir ki, dostum Şamil müəllim əsla narahat, nigaran deyildir. Ona görə ki, bu müdrik insan o qədər dolğun, dəyərli həyat yaşamış, onun amalı, istəyi doğma xalqın taleyi ilə o dərəcədə sıx surətdə uzlaşmışdır ki, yaşadığı bu məna dolu ömürdə təəssüf doğura biləcək zərrəcə bir boşluğa əsla yer qalmamışdır.

Onu yaxından tanımaq üçün vaxt tapıb onunla söhbət etmək lazımdır. İnsana və həyata bağlı adamdır. Bir də ki, sözünün ağasıdır. Dedimi, dediyini edəcək. Bir qəribə xasiyyəti də var. Çoxları bəlkə də bunu bilmir.

Yaxşılıq etmək onun həyat devizidir. Kim ondan nəxahiş etsə yerinə yetirir. Uşaq kimi kiçiyin də, böyüyündə qabağına düşüb əlindən gələni əsirgəmir. Ənmüşkül işi belə çözməyə, ən çətin bir məsələni beləhəll etməyə gücünü, imkanlarını sərf edir. Özü üçünetməyə üzü gəlməyən işləri başqaları üçün görməyəhəmişə hazırdır Şamil müəllim. 

Şamil müəllimlə ilk tanışlığımdan onu dinamik enerjiyə malik, daim hərəkətdə və axtarışda olan, əli qələmli, səmimi və istiqanlı və eyni zamanda öz  nəfsini qorumağı bacaran, bunun üçün hər şeyi göz altına alan, ölümün gözünə dik baxmağı bacaran bir vətənpərvər, alim kimi tanınmışdır. 

Mənim dostum Şamil Əbdürəhmanov böyük hərflərlə həqiqi vətəndaşdır. Vətənimizin təlatümlü günlərində onu hər zaman ən qaynar nöqtələrdə gördüm. O, anamız Azərbaycanı, onun bir qaşıq qandan qorxmayıb canını vətən yolunda qurban verən oğullarını ürəkdən sevir. İgid, yenilməz oğullar barədə yazmaqdan, söhbət açmaqdan yorulmur.

Şamil müəllim haqqında xatirələr söyləmək, xoş sözlər demək adamın özünə də ləzzət verir. Çünki şəxsiyyət haqqında şəxsiyyətə layiq fikirlər yürütmək çox xoşdur. Mübaliğəsiz demək olar ki, Şamil Əbdürəhmanov müstəqil Azərbaycanın idman, elm və mədəniyyət biliciləri arasında xüsusi nüfuza malik olan dəyərli bir insan, əsl ictimai xadimdir. Şamil müəllimdəki yüksək məsuliyyət hissi, onun çox ciddi tələbkarlığı, eyni zamanda qayğıkeşliyi, kollektiv üzvləri arasında bir-birinə qarşılıqlı hörmət hissi aşılaya bilmək məharəti məni həmişə heyran edir. 

Şamil müəllimə daima uğur gətirən, onun adını ucaldan nədir? El arasında belə bir məsəl var, deyərlər: “Əldən tutmaq Əlidən qalıb”. İnsanlara daim əl tutmaq, təmənna nə olduğunu bilmədən hamıya yaxşılıq etməyə çalışmaq Şamil müəllimin ən ümdə insani keyfiyyətlərindəndir. O, bunu əsl vətəndaşlıq, insanlıq borcu hesab edir. Yaxşılıq, xeyirxahlıq onun dəyərli kredosuna çevrilib.

Çox adamla təmasda olmuşam və bu el adamı barədə söhbət etmişəm, heç zaman eşitməmişəm biri desin ki, Şamil müəllim filan işdə haqsızlıq edib. Mənim tanıdıqlarım arasında beləsini tapmaq qeyri-mümkündür.

Elə adamlar var ki, uzun illər bir yerdə işləsən də müntəzəm təmasda olsan da, ürəkdə nə bir izi qalır, nə də bir xatirəsi.

Ancaq elələri də var ki, onlarla ən kiçik bir ünsiyyət belə xoş xatirəyə çevrilir, yaddaşda özünə əbədi iz salır. Bax, bizim Şamil müəllim bu cür insanlardandır.

Şamil Əbdürəhmanov ömrü boyu zəhmət və istedadın qoşa qanadında ucalıb. İndi də o, çox fəal bir həyat pramidasının zirvəsindədir. O yenə də ictimai-siyasi həyatın önündə gedir. Demokratik həyatımızın nəbzini bacarıqla tutur, daim yeni yaradıcılıq ruhu ilə çalışır. Onu da qeyd etmək yerinə düşər ki, Şamil Əbdürəhmanovun xarakterində mənim diqqətimi çəkən cəhətlərdən biri də onun dostluqda səmimiyyəti və sədaqətidir. Bütün vəziyyətlərdə ədalətli, sabit mövqe tutur, haqqa, düzlüyə sədaqətini qoruyub saxlaya bilir. Xarakteri çox möhkəmdi. Doğru, düzgün yol seçdiyini biləndən sonra, heç kəs onun qabağında duruş gətirə, onu öz mövqeyindən döndərə bilməz. Bütün bunlara görə Şamil müəllim mənim nəzərimdə həyatda xüsusi çəkisi olan çox dəyərli şəxslərin birincilərindən biridir. 

Müdriklərin dediyi kimi, həyat doğurdan da mübarizədirsə, Şamil müəllim bu mübarizədə şəksiz qalibdir. Ömrünün hər anını, hər gününü elmin, idmanın, zəhmətin, yaradıcılığın sevinci ilə dolduran bu əməksevər insan indi həyatının ahıllıq zirvəsində də bizim hamımıza nümunə olacaq bir tərzdə böyük nikbinlik və əzmkarlıqla çalışır, yaşayır və yaradır. 

Ulularımızın təfəkkür süzgəcindən keçərək yüzillikləri adlayıb yaddaş aynamızda əks edən müdrik el deyimlərinin birində deyilir: “Elin gözü tərəzidir”. Şəxsiyyətin və istedadın miqyasını, onun əhatə dairəsini müəyyən etmək üçün müdrik insanlar universal ölçü vahidi müəyyən edərkən elin gözünü, elin tərəzisini başlıca meyar hesab etmişlər. Belə bir ölçüyə, belə bir meyara uyğun gələn insanlar görkəmli şəxsiyyət və istedad sahibləri kimi qiymətləndirilmişlər. 

Fərəh hissi ilə qeyd edim ki, Şamil müəllimin adı laborantlıqdan başlayıb tanınmış alim, professor səviyyəsinə çatıb. Çoxşaxəli həyat yoluna nəzər salsaq, birmənalı şəkildə deyə bilərik ki, onun ziyalı mövqeyi, şəxsiyyəti gənclərimizə örnək olası bir həyat məktəbidir.

Respublikamızda idmanın inkişafına sonsuz məhəbbəti Şamil müəllimi böyük həvəs və tükənməz enerji ilə bu sahədə təmənnasız fəaliyyət göstərməyə sövq edir. O, bir neçə ictimai vəzifəni bacarıqla və ləyaqətlə yerinə yetirir.

Professor Ş.Əbdürəhmanov hər şeydən öncə, bir insan, bir vətəndaş və yoldaş kimi səmimidir. Hər şeyin dadı, duzu olan səmimiyyət onun ən gözəl xüsusiyyətlərindəndir.

Professor Ş.Əbdürəhmanov olduqca məhsuldar bir tədqiqatçı alimdir. Onun indiyə kimi 100-dən çox dərslik, dərs vəsaiti, tədris vəsaiti, metodik vəsaiti, metodik göstərişi, metodik tövsiyəsi və jurnal məqaləsi nəşr edilərək oxucuların ixtiyarına verilmişdir.

Aylar, illər ötüb keçsə də yaddaşımda çox şey qalır və onların hamısını əhatə edə bilmədim. Ən əsası budur ki, tələbəlik illərində daima mənimlə bir yerdə olan bu yaradıcı və təşkilatçı insanın səmimiyyətini, insanlığını ömür boyu unuda bilmirəm. 

Mən də bir dost kimi bu nəcib insanın mənalı həyatı barədə bir neçə kəlmə söz deməyi özüm üçün borc bilərək, əziz Şamil müəllimə ən xoş arzularımı bildirməklə onun 75-ci baharını təbrik edir, ətirli torpağın təpərli oğluna can sağlığı, uzun və şərəfli ömür, bol-bol uğurlar və bayram əhval-ruhiyyəsi arzulayıram. 

 

Şamil müəllim! Deyirlər ki, dağ çayları daha sulu, daha gur olur. Eyni zamanda aylı gecədə buludsuz səmada ulduzlar daha aydın, daha təmiz görünürlər. Bütün göy qübbəsini əhatə edən çoxsaylı ulduzlar arasında bir neçə ulduz həm böyük, həm də parıltılı görünür. İstər elm, istər insanlıq və xeyirxahlıq aləmində, o böyük, daha çox parıltılı olan ulduza bənzəməyiniz mənəvi dünyamızı şükranlıq hissləri ilə dolduraraq qürur hissi keçirməyimizə səbəb olur.

Görkəmli Çin filosofu Lao Tszi deyirdi ki, kim pəncələri üstə qalxarsa çox dayana bilməz, kim böyük addımlarla yeriyərsə, çox da uzağa gedə bilməz, kim öz-özünü nümayiş etdirərsə, parlaya bilməz, kim öz-özünü tərifləyərsə şöhrətlənə bilməz. Doğrudan da kamil insan mənəviyyat qanunlarına tabe olmalıdır. Anadan olmasının 75 illik yubiley təntənəsini yaşayan professor Şamil Əbdürəhmanov təkəbbürdən, kindən-küdurətdən uzaq, mənəviyyat qanunlarına tabe olan insanlardan biridir. Onu yubileyi münasibəti ilə təbrik edir, elmi-pedaqoji fəaliyyətində və yaradıcılığında yeni-yeni nailiyyətlər arzulayıram.

 

Şamil müəllim! Nil heç vaxt qurumur, qəlbin Nil kimi həmişə axar olsun. Ulduzların sayı yoxdur, hörmətin ulduzlar qədər olsun. Ay yerdən ayrılmadığı kimi sən də həmişə qoşa ol. Günəş təkdir, ona bənzəmə. Məhəbbətin torpaq qədər davamlı olsun. Qəm əyir, sevinc ucaldır insanı. Qəm görmə, həmişə sevinc, səadət içində ol. Ən əsası da can sağlığıdır. 100 yaşa!

 

AD GÜNÜN MÜBARƏK!

 

Dilqəm Quliyev, 

Prezident təqaüdçüsü, 

pedaqogika üzrə elmlər doktoru, 

professor.

 

 

Xəbərlər