Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

Azərbaycan İdman Akademiyasının tələbələri Beynəlxalq Astronavtika Konqresində iştirak edir

Azərbaycan İdman Akademiyasının SABAH qrupu tələbələri – Vüsalə Kazımova, Fatimə Həsənova, Aylin Quliyeva və Qönçə Yusifova 75-ci Beynəlxalq Astronavtika Konqresində iştirak etmək üçün İtaliyanın Milan şəhərinə yola düşüblər.

14-18 oktyabr tarixləri arasında keçiriləcək konqresdə dünyanın dörd bir yanından gələn kosmos mütəxəssisləri bir araya toplaşacaq. Azərbaycanı təmsil edən 52 nəfərlik milli elmi komandanın tərkibində olan tələbələrimiz, beynəlxalq səviyyədə Azərbaycanın kosmik sənayesinin nailiyyətlərini tanıtmaq məqsədilə bir sıra müzakirələrdə iştirak edəcəklər.

Konqresin samitlərində tələbələrimiz, kosmik tədqiqatların inkişafı və gələcək planları ilə bağlı ətraflı məlumatlar əldə edəcək, eləcə də müxtəlif ölkələrdən gələn ekspertlərlə fikir mübadiləsi aparmaq imkanı qazanacaqlar.

Qeyd edək ki, “Dayanıqlılıq naminə kosmik məsuliyyət” (Responsible Space for Sustainability) çağırışı ilə keçirilən 75-ci Beynəlxalq Astronavtika Konqresində Azərbaycanı təmsil edəcək milli elmi komanda Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Milli Aviasiya Akademiyası, ADA Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Sumqayıt Dövlət Universiteti və Azərbaycan İdman Akademiyasının tələbə, gənc mütəxəssis və alimləri əsasında formalaşıb.

Xəbərlər