Azərbaycan İdman Akademiyasında “Dayanıqlı gələcək üçün gənclərin iştirakı: İqlim, İdman və İnnovasiya” Forumu uğurla başa çatdı
15-16 avqust 2024-cü il tarixlərində Azərbaycan İdman Akademiyasında “Dayanıqlı gələcək üçün gənclərin iştirakı: İqlim, İdman və İnnovasiya” Forumu öz işinə uğurla yekun vurub.
Forum, məktəbliləri və gəncləri iqlim dəyişikliyi və dayanıqlılıq təşəbbüslərində fəal iştiraka cəlb etmək, idmanın bu prosesdəki rolunu vurğulamaq, iqlim dəyişikliyini həll etmək üçün innovativ həlləri və ideyaları təşviq etmək və iştirakçılar arasında şəbəkələşmə imkanları yaratmaq məqsədilə təşkil olunub.
İki gün davam edən tədbirdə iştirakçılar iqlim dəyişikliyi, idman və innovasiya mövzularında müxtəlif sessiyalar və qrup müzakirələrinə qatılıblar. Forum çərçivəsində gənclərin iqlim hərəkatındakı rolu, iqlim dəyişikliyinə qarşı innovativ yanaşmalar, təhsilin bu məsələdəki əhəmiyyəti və sağlam həyat tərzinin təbliği kimi mövzular müzakirə edilib.
Forumda irəli sürülən təkliflər bu ilin noyabr ayında Bakıda keçiriləcək COP29 Konfransının məqsəd və mövzularına uyğunlaşdırılaraq, iştirakçılara iqlim dəyişikliyi ilə bağlı qlobal səyləri daha yaxşı anlamaq, lazımi bilik və bacarıqları qazanmaq imkanı yaradıb.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub və vurğulanıb ki, Azərbaycan İdman Akademiyasında gələcəkdə də iqlim, idman, sağlam həyat tərzi və dayanıqlılıq mövzularında gənclərin aktiv iştirakı ilə bağlı bu cür tədbirlərin keçirilməsi davam etdiriləcək.