Azərbaycan İdman Akademiyasında 2024/2025-ci tədris ilində məzun olacaq tələbələrlə rektorun görüşü keçirilib
Mayın 20-də Azərbaycan İdman Akademiyasında (ASA) 2024/2025-ci tədris ilində məzun olacaq tələbələrlə rektorun görüşü keçirilib. Görüşün əsas məqsədi tələbələrin tədris prosesi, gələcək planları, qarşılaşdıqları çətinliklər və təklifləri ilə yaxından tanış olmaq, həmçinin onları gələcək mərhələlərə ruhlandırmaq olub.
Tədbirdə Akademiyanın fəaliyyətini və əldə etdiyi nailiyyətləri əks etdirən film nümayiş olunub. Filmdə tədris imkanları, beynəlxalq əməkdaşlıqlar, idman sahəsində uğurlar və tələbə həyatı əyani təqdim edilib.
Görüşdə ASA-nın ikili diplom proqramı çərçivəsində Böyük Britaniyanın Koventri Universitetində təhsil alan tələbələrlə onlayn bağlantı yaradılıb. Xaricdə təhsil alan tələbələr təcrübələrini bölüşüblər, ASA rəhbərliyinə yaradılan şəraitə görə təşəkkür ediblər.
Daha sonra Akademiyanın rektoru Fuad Hacıyev tələbələrlə səmimi söhbət aparıb, onların suallarını cavablandırıb, uğurlu karyera yolları ilə bağlı tövsiyələrini verib. Rektor bildirib ki, hər bir tələbə ASA-nın vizyonunu təcəssüm etdirir və onların uğuru Akademiyanın uğurudur.
Görüş zamanı hər ixtisas və ixtisaslaşma üzrə ən yüksək göstərici ilə fərqlənən məzunlara sertifikatlar təqdim olunub. Bu sertifikatlar tələbələrin təhsil müddətində göstərdikləri səylərin və nailiyyətlərin dəyərləndirilməsi kimi qiymətləndirilib. Tədrisi ingilis dilində aparılan “İdman menecmenti” ixtisaslaşması üzrə ikinci təhsil ili tələbəsi, Yunan-Roma güləşi üzrə Olimpiya mükafatçısı, dünya və Avropa çempionu Rafiq Hüseynov və “Bədən tərbiyəsi və idmanda reabilitasiya” ixtisası üzrə dördüncü təhsil ili tələbəsi Nigar Zeynalova çıxış edərək Akademiya rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Sonda tələbələrlə açıq dialoq və sual-cavab sessiyası təşkil olunub. Tələbələr onları maraqlandıran məsələləri rəhbərliklə bölüşmək imkanı əldə ediblər. Səsləndirilən təklif və ideyaların gələcək fəaliyyət planlarında nəzərə alınacağı bildirilib.