Azərbaycan İdman Akademiyası “İdman Paytaxtı” Quba şəhərində keçirilən lll İdman Festivalında təmsil olunub
Azərbaycan İdman Akademiyası “İdman Paytaxtı” Quba şəhərində keçirilən lll İdman Festivalında təmsil olunub.
Quba şəhərinin Nizami Gəncəvi adına parkında baş tutan festivalın 5-ci günündə federasiyalar və idman qurumları ilə yanaşı Azərbaycan İdman Akademiyasının da xüsusi stendi sərgilənib.
Tədbirin rəsmi Açılış mərasimində gənclər və ddman naziri Fərid Qayıbov və Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov çıxış edərək, tədbirin əhəmiyyətindən danışıb, festival iştirakçılarına uğurlar arzulayıblar.
Azərbaycan İdman Akademiyasının Tələbə və könüllülərlə iş şöbəsinin müdiri Nəzrin Ömərzadə bildirib ki, festival zamanı Azərbaycan, Türkiyə və Mərakeşdən olan 13-15 yaşlı gənc idmançılara və eləcə də Quba şəhəri sakinlərinin diqqətinə Akademiyanın bakalavriat, magistratura və doktorantura (dissertantura) səviyyələri üzrə kadr hazırlığının əhatəliliyi, tələbə həyatı, Akademiyanın beynəlxalq əlaqələri, ixtisasartırma proqramları, Elmi-tədris laboratoriyası və onun fəaliyyəti haqqında məlumatlar çatdırılıb. İştirakçıların bu istiqamətdə olan sualları cavablandırılıb, onlara akademiyanın fəaliyyətini təsvir edən müxtəlif çap materialları təqdim edilib.
Tədbirin bədii hissəsi gənc müğənni Mərdan Kazımovun ifasında musiqi nömrələri ilə davam edib. Eyni zamanda gün ərzində 23 idman növündə idmançılar nümunəvi çıxışlar edib, bəzi idman növlərində isə izləyicilər də çıxışlara qatılıblar.
Günün sonunda isə nazir Fərid Qayıbov tonqal ətrafında festival iştirakçıları ilə görüşüb, idmançılarla söhbət edib, onların suallarını cavablandırıb. Görüşdə nazir müavini Mariana Vasileva, İdman şöbəsinin müdiri Elnur Məmmədov, “İdman Səfirləri” - Aliyə Paşayeva, Fəridə Əzizova, Xəyyam Orucov, İlqar Qurbanov, Orxan Səfərov, türk güllə atıcısı, Paris-2024 Yay Olimpiya Oyunlarının gümüş medalçısı Şevval İlayda Tarhan da iştirak ediblər.