Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASA-da “İdman elmlərinin qlobal perspektivləri” müzakirə olunub

Azərbaycan İdman Akademiyasında (ASA) “İdman elmlərinin qlobal perspektivləri” mövzusunda III Elmi-praktiki tələbə konfransı keçirilib. Konfransın məqsədi İdman elmlərinin qlobal perspektivlərinə müasir yanaşmaların və innovasiyaların təqdim edilməsi, elmi tədqiqatlarla bağlı müzakirələrin aparılmasıdır.

Açılış mərasimində ASA-nın Keyfiyyət təminatı və ömürboyu təhsil üzrə prorektoru Rafail Novruzov və rektorun müşaviri, professor Firat Hüseynov çıxış edərək iştirakçıları salamlayıb, onlara elmi fəaliyyətlərində uğurlar arzu ediblər. 

Sözügedən III Elmi-praktiki tələbə konfransında idman elmləri, tibb və biologiya, sosial elmlər sahəsində müxtəlif elmi istiqamətləri əhatə edən məruzələr təqdim olunub. I bölməyə p.ü.f.d., professor Firat Hüseynov və b.ü.f.d., dosent İlqar Əliyev, II bölməyə r.ü.f.d., dosent Könül Məmmədova və b.ü.f.d., professor Qalib Əbiyev, III bölməyə isə m.e.d., professor Nailə Kələntərli və f.ü.f.d., dosent Lalə Əhmədova rəhbərlik ediblər. Konfrans çərçivəsində hər üç bölmədə müxtəlif mövzularda elmi məruzələr dinlənilib, tələbələrin elmi potensialını əks etdirən təqdimatlar nümayiş olunub. Plenar hissədə ASA-nın bakalavr və magistratura pillələrində təhsil alan tələbələr idman elmlərinin aktual mövzuları üzrə çıxış ediblər. 

Sonda konfrans iştirakçılarına sertifikatlar və hədiyyələr təqdim olunub.

 

Xəbərlər