Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

ASA-da “Elmmetrik bazalardan istifadə və ORCID profillərinin təkmilləşdirilməsi” mövzusunda praktik təlim keçirilib

İyunun 18-də Azərbaycan İdman Akademiyasında (ASA) doktorantlar və gənc tədqiqatçılar üçün “Elmmetrik bazalardan istifadə və ORCID profillərinin təkmilləşdirilməsi” mövzusunda praktik təlim keçirilib. Tədbir Akademiyanın Elmi-tədqiqat Mərkəzinin təşkilatçılığı və Kitabxana və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə baş tutub.

Təlimin məqsədi iştirakçıların beynəlxalq elmi platformalardan səmərəli istifadə bacarıqlarının artırılması, ORCID profillərinin yaradılması və təkmilləşdirilməsi ilə bağlı biliklərin genişləndirilməsi olub.

Tədbir çərçivəsində Elmi-tədqiqat Mərkəzinin tədqiqat işləri üzrə koordinatoru Fərhad Cəlalov iştirakçılara elmmetrik bazalar, h-indeks, jurnalların impakt faktoru, CiteScore göstəriciləri və ORCID platforması barədə ətraflı məlumat verib. O, həmçinin ORCID profillərinin yaradılması və peşəkar şəkildə doldurulması prosesini praktik olaraq nümayiş etdirib.

Daha sonra Kitabxana və Heydər Əliyev Mərkəzinin direktoru Gülər Əhmədova tərəfindən Web of Science, Scopus və ScienceDirect platformalarında axtarış imkanları və elmmetrik bazalarda funksional alətlərdən istifadə əyani təqdim edilib.

ASA-nın Məlumat Dəstəyi Mərkəzinin Statistik əməliyyatlar üzrə koordinatoru Kozlov Vasiliy jurnal reytinqləri, nəşr prosesi və elmi fəaliyyət göstəriciləri ilə bağlı məlumatları iştirakçıların diqqətinə çatdırıb.

Tədbir qarşılıqlı fikir mübadiləsi və sual-cavab sessiyası ilə başa çatıb.

Xəbərlər