Akademiyanın “Enactus” komandasının üzvləri Gənc Sahibkarların V Forumunda iştirak ediblər
Azərbaycan İdman Akademiyasının “Enactus” komandasının üzvləri Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə “Bakı KOB evi”ndə Gənc Sahibkarların V Forumunda iştirak ediblər. Forumda gənclər və idman naziri Fərid Qayıbov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov çıxış edərək ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasəti, sahibkarlığın inkişafı və təşviqi istiqamətində görülən işlər, dövlət dəstəyi tədbirləri, sahibkar düşüncə tərzinin formalaşdırılması, gənclərin bilik və bacarıqlarının artırılması yönündə həyata keçirilən layihələr, gənc sahibkarların texnoloji yeniliklərə marağı, sahibkarlıq fəaliyyətində yaşıl düşüncənin təbliği barədə fikirlərini bölüşüblər. Qeyd edək ki, “Enactus” proqramı gənclərə nəzəri biliklərini praktikada tətbiq etməyə, biznes, təhsil və sosial layihələrini həyata keçirməyə şərait yaradır və azad sahibkarlığı təbliğ edir.