Akademiyada yeni struktur bölmələrinə işə qəbul prosesi yekunlaşmaq üzrədir
Azərbaycan İdman Akademiyasının yeni struktur bölmələrinə işə qəbul prosesi yekunlaşmaq üzrədir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında” 13 may 2024-il tarixli 253 nömrəli qərarına əsasən, Akademiya Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan İdman Akademiyasına çevrilmə yolu ilə yenidən təşkil edilib.
Akademiyanın yeni strukturuna uyğun olaraq kadr potensialının formalaşdırılması üçün yeni struktur bölmələrə işə qəbul prosesi həyata keçirilməkdədir.
Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev müsahibələr və seçimlər əsasında yeni struktur bölmələrdə fəaliyyət göstərəcək kadrlarla görüşüb. Rektor Fuad Hacıyev onlara gələcək fəaliyyətlərində uğurlar arzu edərək qarşıda görüləcək işlər barədə məlumat verib, yeni struktur və kadr potensialı vasitəsi ilə müasir tələblərə cavab verən innovativ layihələrin həyata keçiriləcəyinə, həmçinin Akademiyanın bundan sonra da Azərbaycan idmanının inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.